Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, prosesdə Azər Qasımlının dindirilməsi prosesi başa çatıb. Dindirilmə zamanı vəkil Rövşanə Rəhimli Qasımlıya Qurbanəli Yusifovun onun haqqında sosial şəbəkədə yazdığı siyasi məzmunlu statuslar və Daxili İşlər Nazirliyinə göndərdiyi məktub barədə suallar ünvanlayıb.
Vəkil Rəhimli Qasımlıdan həbsinizdən üç ay əvvəl yazılan bu status nə məqsəd daşıdığını soruşub. Azər Qasımlı cavabında bildirib ki, həmin paylaşımlar onun həbsinə hazırlıq xarakteri daşıyırmış:
“Statuslardan belə başa düşdüm ki, mənim həbsimə hazırlıq gedir. Yazılanlarda guya mən Yusifovu dövlət əleyhinə qaldırırmışam və onu təhdid etmişəm. Bu tamamilə əsassız idi”.
Qasımlı əlavə edib ki, ölkədən çıxışına qadağa qoyulduğu vaxt həbs olunacağına əmin idi. Onun sözlərinə görə, Yusifov Mingəçevir Məhkəməsinin qərarından sonra borcu ödəmək istəmədiyi üçün məsələni siyasi məcraya yönəltməyə çalışıb:
“O dövrdə ölkədə həbs dalğası başlamışdı və Yusifov bundan istifadə etdi”.
Rövşanə Rəhimli eyni sualları Qurbanəli Yusifova da ünvanlayıb. Yusifov bildirib ki, atasının məsləhəti ilə status yazıb və DİN-ə məktub göndərib:
“Atam mənə başa saldı, mən də ondan sonra status yazdım və məktubu göndərdim”.
Qasımlının həyat yoldaşı Samirə Qasımlı deyib ki, vəkilin suallarına hakim və prokuror müdaxilə edib, “işin mahiyyəti üzrə olmadığını” bildiriblər.
“Hakim Azər Qasımlıya dedi ki, siz ehtimallar üzrə həbsinizin siyasi olduğunu deyirsiniz. Azər Qasımlı cavabında bildirdi ki, o zaman icazə verin sübut edim ki, həbsim ehtimal yox, həqiqətən siyasi sifarişdir”.
Azər Qasımlı həmçinin təqsirsizlik prezumpsiyasının pozulduğunu qeyd edib və bildirib ki, aylardır heç bir sübut olmadan həbsdə saxlanılır. Onun sözlərinə görə, işin siyasi xarakter daşımasının səbəbi də məhz budur:
“2024-cü ilin avqustunda Mingəçevir polisi heç bir sübut olmadan cinayət işi açır, baxmır, amma dekabrda bu iş birdən Yasamal Rayon Polis İdarəsinə verilir”, – Azər Qasımlı məhkəmədə belə deyib.