İctimai fəal narkotikin polislər tərəfindən cibinə qoyulduğunu deyib
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin həbsdə olan üzvü Ayxan İsrafilovun məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə keçirilən prosesdə ictimai fəal ifadə verib.
Ayxan İsrafilov ifadəsində deyib ki, ona qarşı irəli sürülmüş narkotik ittihamı əsassızdır.
Onun üzərindən çıxdığı iddia edilən narkotiki cibinə Nərimanov Rayon Polis İdarəsində atıblar.
Onun sözlərinə görə, avqustun 11-də evdən çıxandan dərhal sonra onu mülki geyimdə olan polislər saxlayaraq, Nərimanov Rayon Polis İdarəsinə aparıblar:
“Fariz adlı əməliyyatçı dedi ki, “sənin üçün sifariş “yuxarıdan” gəlib, mənlik heç nə yoxdur”. Bir büküm verdilər ki, götür. Etiraz elədim, götürmədim. Məni yuxarı apardılar, bir otağa salıb döyməyə başladılar. Əllərimlə üzümü tuturdum, özümü qorumağa çalışırdım deyə, əllərimi qandalladılar, o vəziyyətdə döyməyə davam elədilər. Görəndə ki, razılaşmıram, bir-birinə dedilər ki, “bu ağıllanmır, gedək, evindən 1 kilo çıxaraq, ailəsinə də ona şərik qoşaq”. Ondan sonra razılıq verdim”.
Ayxan İsrafilov haqqında Nərimanov Rayon Məhkəməsində istintaq dövrü üçün ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hakim ondan soruşub ki, həmin məhkəmədə döyüldüyünü, narkotikin ona məxsus olmadığını demişdi?
“Xeyr demədim. Çünki məni məhkəmədən sonra yenə polis idarəsinə gətirəcəkdilər. Onların əlində idim. Ona görə demədim”, – ictimai fəal cavab verib.
Hakim həmçinin polisin ona qarşı qərəzli olmasının səbəbini soruşub.
Ayxan İsrafilov “siyasi fəaliyyətimə görə” cavabını verib. Hakimin “sənin siyasi fəaliyyətin nədən ibarət idi?” sualına isə belə cavab verib:
“Mən açıq-aşkar deyirdim ki, belə hakimiyyəti, diktaturanı istəmirəm”.
Məhkəmə qərar qəbul edib ki, Ayxan İsrafilovun şikayətləndiyi fiziki və psixoloji şiddətlə bağlı istintaq təcridxanasına və prokurorluğa sorğu göndərilsin.
İctimai fəalın işiylə bağlı növbəti iclas yanvarın 30-na təyin edilib.
Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər.
Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.
Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib.
Afiəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.