Aytac Tapdıq: “Biz cəmiyyətə gerçəkləri göstərməyə davam edəcəyik”

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbs olunan reportyor Aytac Tapdıq bu gün, iyunun 24-də həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı məhkəmə qərarına cavab olaraq aşağıdakı sözləri deyib:

“Bütün medianın hökumətin nəzarəti altında olduğu bir ölkədə mən 10 ildir azsaylı müstəqil mətbuat olan Meydan TV-də qürurla işimi davam etdirirdim. Hökumət illərdir bunun üçün çırpınsa da cəmiyyətə maşa medianın yaratdığı “gerçəyi” həzm etdirə bilmədi. Xalq bizi, müstəqil medianın məhsullarını izləyir. İnsanların ağzına qapaq qoyan, onları susduran hakimiyyət alternativ mətbuatı qapadıb jurnalistləri həbsxanaya tıxmaqla problemi həll etmək istəyirdi. Ancaq bu da əlində partladı. Gənclər həmyaşıdlarının öldürülməsinə etiraz olaraq küçəyə çıxdı. Bəli, söhbət Gəncədə öldürülən məktəbli Elgün İbrahimovdan gedir. 16 yaşlı gənclər cəsurca etiraz edib polis idarələrində cinsi qısnamaya, psixoloji zorakılığa məruz qalarkən, Prezidentin 16 yaşlı nəvəsi “Sea Breeze” cənnətində öz restoranının açılışını qeyd edirdi.

Bizim ölkədə həyatlar arasında bu qədər dərin qütbləşmə var. Korrupsiya və soyğunçuluqla özünü varlandıran hakimiyyət qütbün digər tərəfindəkilərini görməyə təhəmmül etmir. Bizim kameralarımız isə bir ömrü yaşamaq üçün bir ömür bədəl verən o insanlara meydan verməkdədir.

İndi səsləndirdiyiniz saxta ittihamlar, verəcəyiniz yeni ittihamlar, həmkarlarımıza elan etdiyiniz 9 illik hökmlər fəaliyyətimizin cəriməsidir və bunlar bizi qorxutmur. Biz həqiqətlərin ardından getməyə, cəmiyyətə gerçəkləri göstərməyə davam edəcəyik. Meydanda olmasaz da, Meydanda qalın!”.

Bu gün Xətai rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı prokurorun verdiyi vəsatətlərə baxılıb.

Ayrı-ayrılıqda keçirilən məhkəmə proseslərində Meydan TV-nin jurnalistləri Aynur Elgünəş (Qənbərova), Nurlan Libre (Qəhrəmanov), Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev) və bu iş üzrə həbs olunmuş jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva), eyni zamanda vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun həbs müddəti daha 3 ay uzadılıb.

2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı Ramin Cəbrayılzadə (Deko ), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıbvə barəsində həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi onun həbs olunması qərarını çıxarıb.

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə birlikdə ilk beş ölkə arasında yer alır.

Ana səhifəXəbərlərAytac Tapdıq: “Biz cəmiyyətə gerçəkləri göstərməyə davam edəcəyik”