Bu gün, sentyabrın 22-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə ittiham olunan jurnalist Aytac Əhmədovanın (Tapdıq) həbs müddətinin uzadılması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin qərarı ilə jurnalistin həbs müddəti 2026-cı il yanvarın 6-dək uzadılıb.
Aytac Əhmədova (Tapdıq) 2024-cü ilin dekabrın 6-da saxlanılıb.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və onlar Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunurlar. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.