Aysel Umudovaya həmkarlarından ad günü təbriki

İllüstrasiya: Meydan TV

Avqustun 1-də Meydan TV-nin həbsdə olan əməkdaşı Aysel Umudovanın doğum günüdür. Bu münasibətlə Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş və əməkdaşları Xəyalə Ağayeva və Aytac Tapdıq ad gününü qeyd edən Aysel Umudova təbrik məktubu yazıblar:

Həbsimin ilk həftəsi idi. Elə bilirdim məni hamıdan ayırıb tənha bir yerdə saxlayırlar. Bir yandan qızların hara aparıldığının nigarançılığı, bir yandan dostlarımın mənim ucbatımdan düşdüyü bəla, bir yandan da kameradakı mühitin ağırlığı. Sevinc bir xəbər göndərmişdi: “yanındakılara güvənməsin”. Elə otaqdakılar da bir-birinin arxasınca “ona güvənmə”- deyirdi. İçimdə fırtına, çöldə yad insanlar… Nə danışa bilirdim, nə yata, nə də yeyə. Zəifliyimi görməsinlər deyə ağlaya da bilmirdim. Gündə bir dəfə göy üzünə belə dəmir barmaqlıqlar arasından baxdığım gəzinti yerinə çıxarırdılar. O da 20 dəqiqə, uzağı yarım saat. Bizimlə birgə gəzintiyə çıxan nəzarətçi üşüdüyünü, yorulduğunu bəhanə gətirib geriyə kameraya qaytarırdı.

Aynur Elgünəş
İllüstrasiya: Meydan TV

Haradasa 3-cü, ya 4-cü dəfə idi gəzintiyə çıxarılmışdıq. Gəzinti yerinin yan pəncərələrindən korpus və postda keşik çəkən əsgər görünürdü. Tavan əvəzi dəmir barmaqlıqlardan isə “sançast”ın üzərinə “palata” yazılmış kameralarının pəncərələrini görmək olurdu. Başımı yuxarı qaldırıb pəncərələrə baxarkən gözlərim bir cüt gözə sataşdı. Sanki gözlərim də nurunu itirmişdi, uzağı yaxşı görmürdüm, amma əmindim, bu gözləri, o simanı tanıyıram. Aysel idi. Nəzarətçilərin əhatəsində bir neçə saniyəlik dəmir barmaqlıqdan görünən və yox olan o idi.

Nə hiss etdiyimi təsvir edəcək söz tapa bilmirəm. Bircə o yadımdadır ki, ürəyimin titrədiyini hiss edirdim. Ümumiyyətlə o gün ilk dəfə şüurlu şəkildə nəsə hiss etdiyimi anladım. Çevrilib yanımdakılara “Ayseli gördüm” demək istədim, sevincin xəbərdarlığını, hər addımımı, hərəkətimi nəzərləri ilə izləyən nəzarətçini xatırlayıb susdum. Qorxdum ki, pəncərənin qarşısından keçdiyi üçün onun şəraitini ağırlaşdırarlar.

Düzdür, sonralar öyrəndim ki, hamımız eyni yerdə, müxtəlif kameralarda saxlanılırıq. Gəzinti yerinə yaxın olduğundan Ayselin kamerası tam nəzarət altında idi. Nəzarətçinin biri aşağıdan gözünü onun pəncərəsinə zilləyir, digəri nəfəslikdən nəzarət edirdi ki, pəncərə önünə yaxınlaşmasın. Bizim pəncərə isə təcridxananın divarına baxırdı…

Bir müddət sonra çox şey adiləşdi, görüşməsək, səsimizi eşitdirməsək də, eyni məkanda olmağın hiss etdirdiyi hüzn yetirdi. Yenə də heç nə həsrət qarışıq doğmalıqla mənə zillənən o gözləri görərkən keçirdiyim hissləri təkrar yaşatmadı…

Mənim üçün Aysel çiynində dünyanın yükünü daşıyıb, qəlbində hər kəsə yetəcək qədər sevgisi olan biridir. Səni bir kəlmədən, bir baxışdan anlayır. Özünü ifadə üçün uzun-uzadı sözlərə gərək qalmır. Çox yatmasını, bir də işdə səni yola verməsini nəzərə almasaq, mükəmməl demək olar. Hətta bütün “sançast” əhlinin hörmətini, sevgisini qazanmış biridir.

Gülüşü çöhrəsini elə gözəl işıqlandırır ki… Gözəl gülüşlü insanların xisləti də gözəl olar. İstərdim ki, həyat daim üzünə gülsün, gözəl qızımın bəxti də gözəl olsun. Yeni yaş bütün dərdlərinin üzərinə süngər çəksin. Ən əsası gülüşü çöhrəsindən əksilməsin.

Aynur Elgünəş

Kürdəxanı

Ruhumu yaşamaq atəşi ilə alovlandıran, həyat eşqimi diri saxlayan, Dionisçi tərəfimi bəsləyən Ayselim.

Xəyalə Ağayeva. Foto: Meydan TV

Sən qəlbimdə açan çiçəksən. Fəsillər dəyişəndə gözəlliyindən heç nə itirməyən, fırtına qabağında dimdik dayanan, ayaza meydan oxuyan çiçək.

Möhkəm duruşunun coşğusuyla addımladığımız hər yol şadlıq yeridir. Sakit bir məkanda yaşamağı arzulayarkən bil ki, hüzur sənin ayaq basdığın hər yerdədir. Həbsxanaya belə dinginlik gətirmisən. Kamerandan işıq saçırsan.

Səni qarşıma çıxaran kainata sonsuz minnətdaram!

Doğum günün mübarək, gözəl bacım.

Səni doğulduğun dünya qədər sevən Xəyalə.

Həyatımın nəşəsi Ayselim mənim. Bakıdan bir az kənarda olduğun üçün dekabrın 6-da bir-bir hamımızın həbs xəbərini aldın. Ən böyük iş sənə düşdü, ailələrimizə xəbər verib onları təsəlli etməliydin. Hazırlaşıb Bakı şəhər Baş Polis İdarəsinə “məni də həbs edin” deməyə getdiyin anda mütəşəkkil dəstə qarlı dağları aşaraq gəlib ən sonda səni həbs etdi.

Aytac Tapdıq
Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Adamların çoxu həyatın ağır sınaqlarını təcrübə edib, oxuyub, öyrənib kamilləşirlər. Bəziləri isə bu məziyyətlərlə doğulur. Sən ikincilərdənsən. “Sançast”da bizə deyirlər ki, hamınız yaxşısınız amma Aysel bir başqadır. Həqiqətən bir başqadır o. Həyatına toxunduğu bütün insanlarda dərin iz buraxır.

Mən də bu həyat qovğasında səni tapdığım, sənin sevdiklərin arasında olduğum üçün çox xoşbəxtəm. Sən mənim mayakım, bütün acılara olan sığınaq yerimsən. Gələn doğum gününü birlikdə keçirmək diləyi ilə. Doğum günün mübarək, gözəlim.

Ana səhifəXəbərlərAysel Umudovaya həmkarlarından ad günü təbriki