Yasamal rayonu Dadaş Bünyadzadə küçəsinə çatanda bizimlə birgə lift ustası da binaya ayaq basır. Dörd bir yanı binalarla əhatələnən bu ünvandan hər gün liftlərin işləməməsi ilə bağlı şikayət gəlir. Sakinlər deyirlər ki, iki il olar liftlər təmir olunub, amma yenə də saatlarla liftdə qalırlar.
9-cu mikrorayon, Mir Cəlal küçəsində də sakinlər tez-tez liftin xarab olduğunu deyirlər. 3 il olar liftləri yeniləyiblər, amma 75 yaşlı Kubra Soltanova yenə də üçüncü mərtəbədəki evinə qalxmaq üçün 5-ci mərtəbəyə qalxıb, sonra iki mərtəbə aşağı düşməlidir.
Fevralın 5-də ölkə başçısı İlham Əliyev binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın 12 şəhər və rayonunda 237 binanın lift probleminin həlli üçün icra hakimiyyətlərinə 40 milyon manat ayrılıb. Liftləri alman şirkəti gətirəcək. Bakı şəhər İcra Hakimiyyəti bu ilin sonuna kimi 542 liftin Bakıya gətiriləcəyini bildirib.
İqtisadçı Toğrul Marşallı bildirir ki, liftlərin alınması ilə bağlı tenderlər açıq keçirilmədiyinə görə korrupsiyaya ilə bağlı şübhələr yaranır.
Bakı Şəhər İcra Hakimiyyətindən zənglərimizə cavab vermədilər. “Lifttəmir” İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov bildirir ki, Mir Cəlal küçəsindəki liftlərin xarab olması ilə bağlı onlara şikayət daxil olmayıb. O, digər suallarımıza cavab vermədi.