Aynur Elgünəş təhdid olunub

Jurnalistə hədə-qorxu gələn Cənnət Cənnətova adlı qadın ona “həyatın mənim əlimdədir” deyib

Source:
Aynur Elgünəş
Aynur Elgünəş


Jurnalistə hədə-qorxu gələn Cənnət Cənnətov adlı kişi ona “həyatın mənim əlimdədir” deyib

Müstəqil jurnalist Aynur Elgünəş oktyabrın 4-də ölümlə təhdid olunub. Bu haqda jurnalist öz “facebook” səhifəsində yazıb.

Günorta saatlarında bir nəfər şikayətçi jurnalistə zəng edərək “Azərbaycan” İnformasiya Agentliyinin Elnarə adlı jurnalisti tərəfindən şantaj olunduğunu, gün ərzində Cənnət Cənnətova pul çatdırılmadığı halda, onunla bağlı materialların yayımlanacağını deyib və Cənnət adlı şəxsin telefon nömrəsini verib.

A.Elgünəş şikayəti araşdırmaq məqsədilə həmin nömrəyə zəng etdiyini və özünü müstəqil jurnalist kimi təqdim etdiyini yazıb: “Dedim ki, ortada şantaj iddiası var, nə dərəcədə əsaslıdır? Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, Meydan TV də daxil olmaqla məqaləm çıxan bütün mətbu orqanların adını sadaladım. Heç nə demədən dəstəyi asdı. Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi, “sizin kimi müxalifətçiləri rədd etmək lazımdı” və sair kimi ifadələr işlətdi. Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir”.

Bundan sonra A.Elgünəş Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb: “Əflatun Amaşova “aia.az” saytının onların adından danışdığını, ortada şikayət olduğunu və məni təhqir etdiyini dedim. Əflatun bəy belə bir media orqanı, şəxs tanımadığını, hazırda xaricdə olduğunu və sentyabrın 10-dan sonra qayıdacağını, qayıdandan sonra məsələni araşdıracağını bildirdi.

Eyni sualla Müşfiq Ələsgərliyə də mesaj yazdım. O da izah etdi ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır, məqsəd “Azərbaycan” qəzetinin dublikatını çıxarmaqdır, bununla bağlı şikayətçi Mətbuat Şurasına müraciət etsin.

Ancaq adam əl çəkmədi. Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və yenə söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı məni daha da çox təhqir etməyə. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən təhqir və təhdid dolu zənglər gəldi. Adam məni tapacağını dedi, “səni elə günə qoyacam ki, ölkə üzünə çıxa bilməyəcəksən” söylədi, sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir”.

A.Elgünəş baş verənlərlə bağlı vəkilinə məlumat verib. O, vəkilin məsləhəti ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.

Jurnalist oktyabrın 5-də Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə gedib rəsmi formada şikayət edəcəyini bildirib.

Ana səhifəXəbərlərAynur Elgünəş təhdid olunub