Elçin Sadıqov: ”İstintaq beynəlxalq donor təşkilatlarından jurnalistlərə ittiham verilməsinə əsas ola biləcək sənədləri tələb edib”
Müstəqil jurnalist Aynur Elgünəş barəsində başladılan növbədənkənar vergi yoxlaması avqustun 15-dək dayandırılıb. Bu bardə Bakı Vergilər Departamentinin jurnalistin vəkilinə təqdim etdiyi sənəddə bildirilir.
Meydan.TV-nin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanılmış cinayət işi üzrə 2015-ci il oktyabrın 5-də A.Elgünəş barəsində vergi yoxlaması başlanıb.
Jurnalistin vəkili Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, Aynur Qənbərova (Elgünəş) növbədənkənar səyyar vergi yoxlaması ilə bağlı bütün sənədləri Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə təqdim edib: “Buna baxmayaraq, qanunsuz həyata keçirilən növbədənkənar səyyar vergi yoxlaması bu günə qədər yenə də qanunsuz olaraq yekunlaşdırılmayıb. Səbəb isə odur ki, istintaq və vergi orqanı xarici ölkələrin müvafiq dövlət qurumlarına və beynəlxalq donor təşkilatlarına sorğu ilə müraciət edərək jurnalistlərə ittiham verilməsinə əsas ola biləcək sənədləri tələb ediblər. Lakin, onlar Baş Prokurorluğun və Vergilər Nazirliyinin sorğularını cavablandırmayıb”.