Meydan TV-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi Praqada keçirilən “Press Play Prague” beynəlxalq film festivalında mükafata layiq görülüb. Onun “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi festivalda tamaşaçı rəğbəti qazanan iki filmdən biri seçilib.
Aynur Elgünəşin ekran işi jurnalistin şəxsi həyatından qaynaqlanır. Filmdə o, yeniyetmə yaşlarında köçkün düşdüyü Ağdama 28 il sonra jurnalist kimi qayıdır və uşaqlığının izlərini, dağıdılmış evlərin və küçələrin arasında itmiş xatirələrini axtarır.
Jurnalist Aynur Elgünəş 2024-cü il dekabrında “Meydan TV işi” çərçivəsində həbs olunub.
2024-cü ilin dekabrından bu yana bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb.
Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və indi onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə ittiham olunurlar.
Jurnalistlər bütün ittihamları rədd edir və onların siyasi sifarişlə, peşə fəaliyyətinə görə hədəf alındıqlarını bildirirlər.
On səkkiz dəqiqəlik hibrid sənədli filmin prodüsseri – jurnalist və rejissor Durna Səfərova, operator və montaj üzrə müəllifi isə Mətləb Muxtarovdur.
Festivalın digər qalibi Macarıstandan təqdim olunan “Sülalə – Orban ailəsinin biznesinin yüksəlişi” (“The Dynasty – The Rise of the Orbán Family’s Business”) adlı sənədli filmdir. Bu film baş nazir Viktor Orbanın ailə biznes imperiyasını araşdırır.
Bu il festivalın əsas mövzusu “Təzyiq altında jurnalistika” olub. Təşkilatçılar bildiriblər ki, artan siyasi qütbləşmə və təbliğat dövründə jurnalistlərin cəsarəti, peşə etikasına sadiqliyi və həqiqət axtarışı daha da önəm qazanıb.
Beş gün davam edən festival çərçivəsində nümayiş olunan filmlər senzura, dezinformasiya və özünüsenzura kimi problemlərə diqqət çəkib, tamaşaçılara müstəqil medianın qarşılaşdığı çətinliklər barədə düşünmək imkanı yaradıb.
Təşkilatçılar bildiriblər ki, festivalda seçilən filmlər ictimai şüurun artırılması, müstəqil medianın rolunun önə çəkilməsi və etik jurnalistikanın dəyərinin vurğulanmasına xidmət edir.