Aynur Elgünəş beynəlxalq mükafata layiq görüldü

Kollaj: Meydan TV

Meydan TV-nin baş redaktoru Aynur Elgünəş “Qadınların Beynəlxalq Media Fondu” (IWMF) tərəfindən təsis edilən nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bu barədə xəbəri Hamamtimes yayıb.

Təşkilat bu il “Qadın Jurnalistlərə Ədalət Mükafatı” (Justice for Women Journalists Award) kateqoriyasında bütün dünyadan məhz Aynur Elgünəşi təltif edib.

Bu mükafat hər il haqsız yerə həbs edilmiş qadın jurnalistlərin cəsarətini və peşəkar fəaliyyətini tanıtmaq məqsədilə təqdim olunur.

Aynur Elgünəş 2024-cü ilin dekabrında jurnalistika fəaliyyəti ilə əlaqədar olaraq həbs edilib.

Mükafatın rəsmi təqdimat mərasimi bu ilin noyabr ayında Nyu-York şəhərində keçiriləcək.

“IWMF” beynəlxalq təşkilatı Azərbaycandan sonuncu dəfə 2012-ci ildə jurnalist Xədicə İsmayılı “Jurnalistikada Cəsarət” mükafatı ilə təltif etmişdi.

Xatırlatma

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəSiyasətAynur Elgünəş beynəlxalq mükafata layiq görüldü