“Aylardır prokurorluğa, nazirliyə yazdığımız şikayətlərə baxılmır”

Elmar Mədətov hesab edir ki, qarşı tərəfin himayəçiləri olduğuna görə onun ərizəsi araşdırılmır

Source:


Aldadıldığını deyən vətəndaş hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən narazıdır

“İki aydan çoxdur ki, dələduzluğa məruz qalmağımızla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ancaq ərizələrimizə heç bir reaksiya yoxdur. Halbuki, aldadılan adam sıradan biri deyil, İkinci Qarabağ Müharibəsindən qayıdıb işsizlikdən əziyyət çəkən, özünə iş axtaran bir gəncdir”.

Gəncə sakini Elmar Mədətov Meydan TV-yə danışır ki, oğlu Eldar Mədətov Qarabağ döyüşündən qayıtdıqdan sonra özünə iş axtarmağa başlayıb. Həmin vaxt Elmar Mədətovun tanışı Cavid Həşimov ona Eldarı Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək imkanında olduğunu bildirib. Elə hər şey də bundan sonra başlayıb:

“Bu ilin aprelində Cavid xəbər tutanda ki, oğlum iş axtarır, dedi ki, Fövqəladə Hallar Nazirliyinin İnsan Resursları Şöbəsində dostu işləyir, o, oğlumu işə düzəldə bilər. Bir neçə gün sonra Cavid dedi, Anar Hüseynov ad-soyadda olan həmin dostuyla danışıb, o da bildirib ki, 6 min manat versək, Eldarı həmin qurumda işə düzəldə bilər. Bu uşaq da Qarabağdan qayıdıb, işsiz-gücsüz qalıb, düşündük ki, anasının qızıllarını sataq, əlimizdə olan pulu verək, onu işə düzəldək. Beləliklə, oğlum Eldar, mən, Cavid və onun Anar kimi təqdim etdiyi şəxslə Bakıda – Sabunçu rayonu ərazisində yerləşən “Qurd qapısı” restoranında görüşdük. Orada mən oğlumun və Cavidin iştirakıyla 6 min manat pul və oğluma aid sənədləri Anar kimi təqdim olunan şəxsə verdim. O, mənə məsələnin 10-15 gün ərzində həll olunacağını bildirdi. Anar kimi tanış olduğum şəxs Cavidlə birlikdə çölə çıxanda oğlum pəncərədən gördü ki, onlar pulu aralarında bölüşdürürlər. Ancaq heç ağlımızın ucundan da keçmədi ki, bizə qarşı dələduzluq prosesi gedir”.

Elmar Mədətov deyir, mayın 11-də Anar adıyla tanıdığı həmin şəxs ona “Whatsapp” üzərindən səsli ismarıc göndərərək işin tezləşdirilməsi üçün əlavə 1000 manat tələb olunduğunu bildirib və pulu Cavidin bank kartına köçürməsini xahiş edib. Elmar Mədətov 1000 manatı Cavid Həşimovun bank kartına köçürüb. Mayın 27-də həmin şəxs Elmar Mədətovdan yenə də pul istəyib:

“Bu dəfə də dedi ki, Eldarın bədənində müharibənin iz buraxdığı cızıqlar var, ona görə də həkim müayinəsindən keçməsi məsləhət deyil, buna görə isə 1000 manat da verilməlidir. Mən 1000 manatı və oğlumun kimliyini taksiylə Bakıya yola saldım, orada Anar qarşılayıb götürdü”.

photo-2021-10-14-17-58-28.jpg
Sabunçu Rayon Prokurorluğunun cavabı

Elmar Mədətovun sözlərinə görə, qısa müddətdən sonra o, yenə də Bakıxanov qəsəbəsindəki restoranlardan birində görüşərək Anar kimi tanıdığı şəxsə 1500 manat verib. Elə həmin vaxt da məsələdən şübhələnib. Anar adıyla tanıdığı şəxsi araşdıranda məlum olub ki, o, Şəki sakini Ruslan Rəhimovdur, Fövqəladə Hallar Nazirliyi ilə heç bir əlaqəsi yoxdur:

“İyunun 7-də ona zəng edib bu barədə deyəndə and içdi ki, qısa müddətdə bütün pulları bizə qaytaracaq. Təsir edən odur ki, mənim gənc oğlum belə adamların həyatda qalması üçün özünü müharibənin içinə atmışdı, o, sağlamlığını da itirə bilərdi, həyatını da… Odun-alovun içərisindən qayıdan bir gəncin işsiz durumundan istifadə edib ona qarşı belə hərəkətə əl atmaq vicdandan deyildi”.

Elmar Mədətov hesab edir ki, qarşı tərəfin himayəçiləri olduğuna görə onun ərizəsi araşdırılmır:

“Bu da mənə təsir edən ikinci məsələdir. Başımıza gələnlərlə bağlı iki aydan çoxdur ki, ölkənin Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət etmişəm, ancaq hələ də biri çağırıb soruşmur ki, nə baş verib? Və bu yaxınlarda araşdırmışam ki, bu adamlar mənə qədər, məndən sonra neçə-neçə insanın etibarından sui-istifadə edərək pullarını ələ keçiriblər. Sadəcə olaraq “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) onları himayə edən var deyə, polisə yazılan ərizələrə baxılmır. Mən əvvəl bunun sadəcə söz olduğunu düşünürdüm, ancaq vaxt keçdikcə görürəm ki, deyəsən doğurdan da belədir. Yoxsa polis vətəndaşın ərizəsini niyə araşdırmasın? Küçədə biri möhkəm səslə danışanda tutub aparırlar ki, asayişi pozmusan. Cavid adlı şəxs adamların etibarından sui-istifadə edib pullarını ələ keçirir, vətəndaş şikayətə gedir, ancaq polis bu boyda cinayətə reaksiya vermir”.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Meydan TV-yə bildirilib ki, Sabunçu Rayon Prokurorluğu bu il sentyabrın sonunda Elmar Mədətovun ərizəsini araşdırılması üçün bu bölməyə göndərib. Ərizə araşdırılır və bu barədə ərizəçiyə məlumat veriləcək.

Elmar Mədətov Baş prokurora, daxili işlər nazirinə, Sabunçu Rayon Polis İdarəsinin rəisinə ərizələr göndərib.

photo-2021-10-14-17-58-29.jpg
Baş Prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova müraciət
Ana səhifəBölgə“Aylardır prokurorluğa, nazirliyə yazdığımız şikayətlərə baxılmır”