Müdafiə tərəfinin qənaətinə görə, jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülsə də, bununla bağlı ortada tutarlı sübut yoxdur
Bu gün Xətai rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərdən bir neçəsinin həbs müddətinin artırılması ilə bağlı prokurorun verdiyi vəsatətlərə baxılıb.
Ayrı-ayrılıqda keçirilən məhkəmə proseslərində Aygün Qənbərova (Elgünəş), Nurlan Qəhrəmanlı (Libre) və Aytac Əhmədovanın (Tapdıq) həbs müddəti daha 3 ay uzadılıb.
Vəkillər vəsatətə etiraz edib, həbs müddətinin artırılmasına ehtiyac olmadığını bildiriblər.
Onlar vurğulayıblar ki, jurnalistlər heç bir cinayətə yol verməyiblər. Müdafiə tərəfinin qənaətinə görə, jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülsə də, bununla bağlı ortada tutarlı sübut yoxdur.
Aynur Elgünəş məhkəmədə çıxışında deyib ki, məhkəmə notarius funksiyasını yerinə yetirməməli, yuxarıdan göndərilən sifarişi təsdiq etməməlidir.
Jurnalistlərin vəkilləri bildiriblər ki, qərardan apellyasiya şikayəti veriləcək.
2024-cü il dekabrın 6-da Meydan TV-nin beş əməkdaşı: Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi onun həbs olunması qərarını çıxarıb.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.