Aydın Taş: Əli Həsənov mənim üçün Türkiyəyə səfər etdi

“Mənimlə mübarizə apardıqları qədər ermənilərlə mübarizə aparsaydılar, Qarabağı azad edərdilər”

Source:
Aydın Taş, foto: sosial şəbəkə
Aydın Taş, foto: sosial şəbəkə


“Mənimlə mübarizə apardıqları qədər ermənilərlə mübarizə aparsaydılar, Qarabağı azad edərdilər”

Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb. Həmçinin İnternet qəzetinin baş redaktoru, eyni zamanda “Azadlıq” qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib.

APA adını açıqlamadığı mənbəyə istinadən yayıb ki, internet qəzetin fəaliyyətinin dayandırılmasına səbəb Azərbaycan xalqı və dövləti haqqında həqiqətə uyğun olmayan, qərəzli informasiyaların yayılmasıdır.

Mənbənin məlumatna görə, Türkiyədə bu cür fəaliyyəti davam etdirən, həmçinin “erməni diasporu və bəzi xarici dairələr tərəfindən idarə olunan, təlimatlandırılan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə” qarşı da ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq onlardan bir neçəsinə bu fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.

Agentlik xatırladır ki, bir müddət əvvəl Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyəyə səfər edərək aidiyyəti qurumların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşüb. Görüşlərdə daxili siyasi məsələlər, o cümlədən xaricdən idarə olunaraq hər iki ölkənin əleyhinə fəaliyyət göstərən qruplarla bağlı ciddi müzakirələr aparılıb. Hazırda Türkiyədə anti-Azərbaycan şəbəkənin neytrallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin də aparılmış müzakirələrin nəticəsi olduğunu deməyə əsas verir.

“Kurultay” qəzetinin baş redaktoru Aydın Taş “kurultay.com.tr” saytının qapadılması xəbərini Meydan TV-yə təsdiqləyib:

“Xəbər doğrudur. Azərbaycanın xarici siyasətinin ən mühüm məsələsi indi mənəm. Mənimlə mübarizə apardıqları qədər ermənilərlə mübarizə aparsaydılar, Qarabağı azad edərdilər. Əli Həsənov mənim üçün Türkiyəyə səfər etdi. “Kurultay” qəzeti Əliyev rejiminin xoşlamadığı sayt tipidir. Qarabağla bağlı arzulanan müqaviləni, 15 iyul “darbe” hadisəsinə Əliyevin mövqeyini, FETÖ-ya Azərbaycanda müdaxilə edilmədiyini, Əliyev rejiminin Türkiyə ictimaiyyətini aldatdığını, müxalifətə FETÖ böhtanı atan əsl FETÖ-çuların onları həbs etdirdiyini yazmışıq. Bunlar da onları artıqlaması ilə narahat edib. BTK-dan heç bir açıqlama edilmədi. Biz etirazımızı etdik, bu işi məhkəməyə verəcəyik. Burada ədalət Azərbaycandakı kimi deyil”.

Məsələyə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ər də münasibət bildirib. O, “Facebook”da yazdığı şərhində deyir:

“BTK (Texnologiya və rabitə qurumu) adlı qurumun nələr etdiyini bilmirdim, öyrənmiş oldum. Amma bu qurum saytı gözü qapalımı bağlayıb, yoxsa Azərbaycandan gələn avtoritarlığın təmsilçilərinin əmri ilə bağladı?! Çünki bu saytdan Azərbaycandakı PKK müdafiəçiləri və millətçiliyi boğanlar narahat idilər. Qurum mənim yazılarımın yayımlandığı bu saytı bağlamalarını necə açıqlayacaq, maraqlıdır. Bu sayt Türkiyənin və türk millətinin ölkəmizdəki çox sevimli və vətənsevər türkçülərinin xəbər saytıydı. Dünyanın harasında olursa olsun türklərin bir-birlərindən xəbər tutmalarını təmin edirdik. Dünyadakı türklərin problemlərini, sevinclərini yazırdıq. Bu saytın Türkiyə dövlətinin və türk millətinin əleyhinə bir kəliməsini belə tapmaq olmaz. Terrora qarşı mübarizə aparırdı bu sayt. Onun üçün də bu saytın bağlanmasını heç cür anlaya bilmədim. Əgər bu BTK adlı qurum bizi qane edəcək bir açıqlama eləsə, sevinərik. Hörmətli məsul şəxslər, xahiş edirik saytı bir daha gözdən keçirin və bu sayta qarşı olan qərarınızı dəyişin”

Meydan TV BTK-in rəsmi elektron ünvanına sorğu göndərsə də, hələlik hər hansı açıqlama verilməyib.

Ana səhifəXəbərlərAydın Taş: Əli Həsənov mənim üçün Türkiyəyə səfər etdi