''Aydın Mirzəzadə bizi təhqir etdikdən sonra ''blok''ladı'' (yenilənib)

***

Hazırda Şəhid ailələri Prezident Administrasiyasının qarşısındadırlar. Onların prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüş tələb etdiyi bildirilir. 

*** 

Şəhid ailələrini Şəhidlər Xiyabanına buraxmayıblar

Noyabrın 20-də birdəfəlik yardım ala bilməyən şəhid ailələri yenidən Milli Məclisin qarşısına toplaşıblar. Ailələr Şəhidlər Xiyabanına getmək istəsələr də, ərazidəki polislər imkan verməyib. Onları Milli Məclisin qarşısındakı dayanacağa doğru yönəldiblər.

Şəhid ailələri jurnalistlərə deyiblər ki, polislər onları Milli Məclisin qarşısına buraxmır:

“Mətbuatda bizi bir qrup adlandırırlar, biz qrup deyilik, 10 minlərlə şəhid ailəsi var ki, 11 min manat birdəfəlik yardımı ala bilməyib. Nazir Sahil Babayevlə də görüşdük, ancaq müavinətimizi vermirlər”.

Onlar jurnalistlərə qanunsuzluqları aşkarladıqları sənədləri təqdim ediblər. Şəhid ailəsindən olan Əli Mustafayev bildirib ki, 26 yanvar 1981-ci ildə vəfat edən Qarayev Şirvan Məhi oğlunun müavinətilə bağlı 1994-cü ilin sənədində imzası var:

“Bu, necə ola bilər. Bu cür saxtakarlıqlar az deyil. Təkcə Zərdab rayonundan 3 belə fakt var, rayonun müvafiq orqanlarına müraciət edilib, o cümlədən, deputat Aqil Abbas belə sənədləri bizdən istəyib. Bəzi rayonlardan pul alanları efirə çıxarıb danışdırırlar, amma televiziyalar bura yığışanlarla maraqlanmır”.

Mingəçevirdən gələn Bənövşə Abdullayeva YAP-çı deputat Aydın Mirzəzadəyə müraciət etdiklərini bildirib:

“Dəfələrlə görüşüb ondan qarşılaşdığımız problemlə maraqlanmağını istədik, sosial şəbəkə vasitəsilə müraciət etdik. Sonda, o, bizi “tərbiyəsiz”, “mədəniyyətsiz” deyə təhqir edəndən sonra “blok”a atdı. Aydın Mirzəzadənin Migəçevirdəki obyekti şəhid ailələrinin yaşadığı binaya yaxındır, amma bir dəfə də bizimlə maraqlanmır”.

Onların sözlərinə görə, deputat Qənirə Paşayeva sonuncu görüşdə 3 günə cavab verəcəyini söyləsə də, hələ reaksiya yoxdur:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri televiziyaya çıxıb şəhid ailələrinə mənzil verildiyini minnət kimi başımıza çırpır. Axı bütün şəhid ailələrinə mənzil verilmir, niyə yalan məlumatı yayırlar?”

Prezident İlham Əliyev aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hi6cwz

Ən çox baxılan