”Xarici ticarətimizin dövriyyəsi kəskin enib”
“2 ildə 503 əməkdaşımız məsuliyyətə cəlb olunub, 84-ü işdən çıxarılıb”, – Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözləridir.
APA yazır ki, o, bu sözləri yanvarın 19-da keçirdiyi mətbuat konfransında deyib:
“Ötən il 246, 2015-ci ildə isə 257 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən çıxanlar da var. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi göndərilib”.
A. Əliyev DGK sıralarındakı kadr çatışmazlığından da danışıb: “Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində kadr çatışmazlığı problemi var”.
Aydın Əliyev bildirib ki, qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib. Deyib ki, ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib:
“Düzdür, xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir”.