Aybaşı tabusu: aybaşı qanının ilahi və magik gücü

Tabu polineziya dilindədir, ümumi mənası qadağa deməkdir

Source:

II Yazı

(əvvəli: Sünnətin qanlı

tarixi

)

Əvvəlcə bir neçə kəlmə tabu haqqında. Tabu polineziya dilindədir, ümumi mənası qadağa deməkdir. Vaxtilə hüquq institutlarını əvəz edən tabular duyğularımıza, düşüncələrimizə, davranışlarımıza çox güclü təsir edən, bəzən müqəddəs, bəzən də murdar olduğuna görə – bir-birinə zidd anlayışları özündə birləşdirən, toxunulmaz, haqqında açıq danışılmayan sosial qadağalardır. Tabulara aşağıdakılar daxildir:

-dini personlar (imamlar, övliyalar, seyidlər, peyğəmbərlər və b. Məsələn, Məhəmməd peyğəmbər tabu olduğu üçün, onun tənqid edilməsi ölümlə nəticələnə bilər)

-fövqəladə varlıqlar (cin, allah, tanrı, və s. Məsələn, iudaizmdə allah Yahovanın adı tabu olduğu üçün onun adı YHVH kimi yazılır)

-heyvanlar (islamda it, donuz, hinduizmdə inək, qədim Misirdə pişik və s.)

-əşyalar (şaman davulu, xaç, Quran kitabı və s.) və s.

-məkanlar (müsəlmanlar üçün Məkkə, xristianlar üçün Vatikan, uzun illər turistlərin getməsinə qadağa qoyulan buddistlərin müqəddəs məkanı Lhasa, Bermud üçbucağı və s. )

-qida maddələri (alkoqollu içkilər, donuz, eşşək, it əti və s.)

-ölü

-haqqında açıq danışılmayan, gizlədilən mövzular (narkomaniya kimi asılılıqlar, seksuallıq, kasıblıq, zorakılıq və s.)

-haqqında evfemizmlə danışılan şeylər (məsələn, rüşvət: “rüşvət ver” əvəzinə, “hörmət elə” deyilməsi; xəstəliklər: “xərçəngə tutuldu” əvəzinə, “o zibilə tutuldu” deyilməsi; ölüm: “qəfil öldü” əvəzinə, “qəfil getdi” deyilməsi və s.)

Ümumiləşdirək:

obyekt tabuları – tabulaşan nəsnələr, yerlər, heyvanlar, şəxslər;

fəaliyyət tabuları – tabulaşan əməllər (məsələn, bəkarətin itirilməsi, evlilikdən kənar cinsi münasibət, insest);

kommunikasiya tabuları – tabulaşan mövzular (məsələn, sünnət, zifaf gecəsi), sözlər (məsələn, bədəndən ifraz olunan maddələrin adı, cinsi orqanların adı);

düşüncə tabuları – tabulaşan təsəvvürlər (məsələn, tabulaşan fəaliyyətlərin təsəvvürdə canlandırılması);

emosiya tabuları – tabulaşan duyğular (məsələn, kişilərin ağlaması) və s.

Tabular bir gündə meydana gəlmir, hər tabunun min illərlə ölçülə biləcək yaşı, tarixi kökləri, yaranma səbəbləri var. Belə tabulardan biri də gizlədilən, haqqında danışılması ayıb sayılan, danışılırsa da, evfemizmlə danışılan aybaşı tabusudur. Aybaşı tabusu ikiqat tabudur: həm söz və mövzu kimi ört-basdır edilir, həm də konkret obyekt kimi aybaşılı qadın və aybaşı qanı toxunulmaz, murdar, ətürpədici sayılır.

Aybaşı tabusu: müqəddəslikdən murdarlığa keçid

Aybaşılı qadın, aybaşı qanı hər zaman tabu olub. Qadınların ilahi, yaradıcı, hörmətli sayıldığı matriarxal zamanlarda bu tabunun məzmunu müqəddəslik ifadə edirdi. O dövrlərdə aybaşılı qadınların nəyəsə və kiməsə toxunmaqları, həmçinin onların özünə toxunmaq, hətta onlara baxmaq bu qadınların həmin vaxtda magik güc sahibi kimi müqəddəs olduqlarına görə qadağan idi. Ümumiyyətlə, dünya mifologiyası müqəddəs olana baxmağın, toxunmağın qadağan edilməsi, öldürücü olması motivi ilə doludur. Bu motiv təkallahlı dinlərin müqəddəs kitablarında, “Tövrat”da və “Quran”da da var. Məsələn, Musa allahı görmək istəmişdi, Allah isə bunun mümkünsüzlüyünü Musaya başa salmaq üçün əvvəlcə Tur dağına görsəndi və dağ yerlə yeksan oldu (Araf, 143). Yaxud, yəhidilərin müqəddəs Əhd sandığına toxunduğuna görə Allah Uzzanı elektrik kimi vurub öldürür (Tevrat, 2.Samuel 6, 3-7).

Patriarxallığın təsiri ilə aybaşı qanı və aybaşılı qadının müqəddəs sayılan magik gücü şeytani və murdar qəbul edilməyə başlayır. Patriarxal dövrlərdə meydana çıxan təkallahlı dinlər həmin düşüncəyə dini status verir. Məsələn, hələ də yəhudiliyə görə aybaşılı qadın, əlini müqəddəs kitablara vura bilməz, sinaqoqa gedə bilməz, islama görə məscidə gedə bilməz, dini ritualları həyata keçirə bilməz, məsələn, oruc tuta, namaz qıla bilməz.

İslam dininin müqəddəs kitabı “Quran”da aybaşı olan qadınlara, təmizlənənə qədər onlara yaxınlaşmamaq tövsiyə edilir (Bəqərə, 222). Bu ayə indi qadınlardan yana yozulsa da, əsl səbəb onların həmin ərəfədə murdar hesab edilməsi təsəvvüründə gizlənir. Səhih sayılan hədislərin birində yazılır ki, hansısa bir dini bayramda Məhəmməd peyğəmbər bayram namazı qılmağa gəlmiş qadınlara deyir: “Ey qadınlar, çoxlu sədəqə verin, çünki mənə cəhənnəmliklər göstərildi, əksəriyyəti siz idiniz”. Peyğəmbər bunun səbəbi kimi, onların əksik ağıllı və əksik dinli olmalarını göstərir. Qadınlar bunun niyəsini soruşanda məlum olur ki, qadınların əksik dinli olmalarının səbəbi aybaşı vaxtı tutmadıqları oruc, qılmadıqları namazdır. (Sahihi Buhari Muhtasari Tecrid-i Sarih, 1970, I, 222, Hədis nöm. 209.)

Ərəblərdə bu tipli yanaşmalara başqa bir misal, Məkkədəki məşhur Kəbə daşı Həcərül-əsvədin (qara daş deməkdir) rənginin qaralması ilə bağlı rəvayətdir. Guya ilk vaxtlar ağappaq olan daş, aybaşılı qadınların ona toxunmasından sonra qəzəbdən qaralmışdır.

19-cu əsrədək avropalıların xalq inamlarında aybaşı qanının və aybaşılı qadınların qorxulu və fəlakət törədici olduğuna inanılırdı; mensturasiyalı qadın xüsusi sərt neqativ baxışa sahibdir, sünbülləri çürüdə, südü və şərabı turşuda, ölüm və xəstəlik gətirə bilərdi. Bu inam, qadınları aybaşı vaxtı evdən, hətta kənddən uzaqlaşdırmağadək gətirib çıxarırdı.

Bizim kulturamızda da, ta bu yaxınlara kimi aybaşılı qadınlar qatıq, pendir çalmaqdan, xəmir yoğurmaqdan çəkiniblər. Bütün bunların birbaşa maya ilə (qatıq mayası, pendir mayası, xəmir mayası) əlaqəsi diqqətçəkicidir. Ola bilsin ki, bu davranışın kökündə mistik gücə malik aybaşılı qadının mayanı təsirdən salacağına inam dayanır.

Amerikada, Asiyada, Afrikada hələ də elə yerlər var ki, aybaşılı qadınlar cəmiyyətdən tamamilə təcrid edilir, aybaşı müddəti qurtaranadək xüsusi yerlərdə qalırlar. Kişilər qadınlara toxunmamalı, hətta onlara baxmamalıdır.

Belə vaxtda onlarla göz-gözə gəlmək kişilər üçün təhlükəli ola bilər.

Aybaşı, təkcə qadınları toxunulmaz və murdar etmir, bu görüş həm də bəzi dişi ov heyvanları üçün də keçərlidir. Məsələn, uşaqlıqda nənəmdən eşitmişdim ki, dişi dovşan, aybaşı olduğuna görə ovlanıb yeyilə bilməz. Qurban bayramında erkək heyvanların dişilərdən daha üstün sayılması da eyni səbəbdəndir.

Bu yazını hazırlayarkən, anamı da sorğu-suala tutdum. Onun dediyinə görə, həşəratların ən murdarı qırxayaqdır. Məsələn, südün, qatığın, ya da hansısa bir yeməyin içinə qarışqa, arı, hörümçək, hətta milçək düşsə, bu həşəratları qırağa atıb həmin yeməli şeydən istifadə eləmək olar. Ancaq qırxayaq düşsə, yox. Çünki başqa həşəratlardan fərqli olaraq, qırxayaq aybaşı qanına bulanmış əskiyə toxunan, onun içinə girən bir canlıdır. Ona görə də, onun toxunduğu və ya içinə düşdüyü qida məhsulu murdarlanmış sayılıb bütünlüklə atılır.

Aybaşı qanının tarixi

Dünyada simvollaşdırılan ilk rəng – qanı təmsil edən qırmızı rəngdir (500 min il bundan əvvəl). Bu rəng həyatı, doğumu, yenidəndoğumu, qoruyuculuğu, istiliyi, bərəkəti və bunların hamısını özündə birləşdirən qadını, daha dəqiq desək, aybaşı qanını nəzərdə tutur. Qırmızı rəngin feminin rəng sayılması buna görədir. Qədim insanlar bu mənada qırmızı rəngli gilə – oxraya xüsusi münasibət bəsləyiblər. 500 min il bundan qabaq Olduvay-da qəbirlərdən tapılmış predmetlərə əsasən, Homo erektusun, simvolizmin ilk nümunəsi kimi oxradan istifadə etdiyi sübut olunub. 300 min-400 min il arası yaşı olan oxralı qalıqlar isə Nizzadan – Terra Amata-dan tapılıb. 200 min il bundan qabaq isə neandertallı insan ölüsünü qırmızı oxraya boyayıb ana bətnindəki pozaya uyğun, fetus formasında basdırırdı.

28-30 min il bundan qabaq tapılan Willendorf ana-tanrı heykəlciyi qırmızı oxra ilə boyanmış halda olub.

Antropoloqlar qırmızı rəngin və qırmızı oxranın ifadə etdiyi qan və qadın arasındakı əlaqəni belə izah edirlər: Daha əvvəl qadınların nəsə udub (məsələn, dolu dənəsi, yağış suyu), ya da nəsə yeyib (məsələn, alma) hamilə qaldıqlarına inanılırdı. Ən qədim təsəvvür isə qanla bağlıdır. Daha doğrusu, qadınların hər ay təkrarlanan menstruasiya qanı ilə. Müşahidə edilmişdi ki, hamilə qadınlarda aybaşı olmur və bu da ana rəhmindəki həmin qanın uşağa çevrilməsi təsəvvürü yaradırdı (Əslində, elmi baxımdan bu təsəvvürdə həqiqət payı var, çünki, aybaşı qanı – döllənmədiyinə görə sıradan çıxan yumurtanın ana rəhmi tərəfindən kənara atılması nəticəsində yaranır).

Qırmızı rəngin – qanın magik, yaradıcı və bərəkətverici gücü əşyalara da güc və canlılıq qazandırmaq üçün də istifadə edilirdi. Qazıntılar zamanı qırmızı boyanmış mamont dişləri (70 min yaşlı), qırmızı boyanmış incilər, balıqqulaqları, dəyərli əşyaların saxlandığı sandıqlar (xüsusilə cehiz sandıqları, içi dolu olsun deyə qırmızı rəngli bəzəmələrə üstünlük verilir) divar bəzəmələri, yemək qoyulan səbətlər və s. tapılmışdır. Qanı təmsil edən qırmızı oxradan – ana-tanrı fiqurlarının, mağara və divar rəsmlərinin, ayin və rituallarda üzün və bədənin müxtəlif yerlərinin, qəbirlərdə yenidən dirilsin deyə ölülərin, bərəkət versin deyə müxtəlif alətlərin, çaxmaqdaşlarının, qorusun deyə döyüş alətlərinin, bəzək əşyalarının, təsirini artırsın deyə dəri məmulatlarının boyanmasında istifadə edilmişdir.

İnsanlıq tarixində, uşağın dünyaya gəlməsində atanın da rolu olması gec bilindi. Qədim insanlar, bu gün elmin partenogenez dediyi – döllənmə olmadan törəməyə inanırdılar. Qədim miflərdə ana tanrılar təkbaşına yaradır (doğur). Məsələn, Sumer mifologiyasında ana-tanrı Nammu ərsizdir, o, Anı (göy tanrısı) və Kini (yer tanrısı) doğur. Yunanda Qaia, Anadoluda Kibele də döllənmədən doğurlar. Hera da oğlu tanrı Hefaistosu özü, Zevsin iştirakı olmadan təkbaşına törədib.

Aybaşı qanı doğurucu, qoruyucu və dağıdıcı güc kimi

İlk menstruasiyaya başlayan qızın magik gücə malik olduğuna inanılırdı, məsələn, o, yağış yağdıra, ovun uğurlu keçməsini təmin edə bilərdi. İnsanın ana rəhmindəki menstruasiya qanından yaranışına inam hər cür qanın, qırmızı rəngin yaradıcı olmasına, bərəkətvericiliyinə inama çevrilir. Bu səbəbdən də bir çox ovçu-toplayıcı cəmiyyətlərdə ovun uğurlu, bərəkətli keçməsi üçün qırmızı boyaqlardan gücverici sehr vasitəsi kimi yararlanırdılar.

Bir çox mütəxəssis (Dunbar, Power, Eliot, Niesta və s.) belə hesab edir ki, qadınlar qırmızı boyağı bərəkəti simvolizə etdiyi üçün üz və bədənlərini boyamaq, həmçinin ov zamanı kişiləri qorumaq üçün istifadə edirlər. W.C.Hayes və A.Marschaka görə hətta neandertallı insanlar ov zamanı qırmızı boyaq ilə bədənlərini qızardıblar.

19-cu əsrə kimi avropalıların xalq inamlarında da aybaşı qanının və aybaşılı qadının magik güc daşıdığı təsəvvürü vardı: aybaşı qanına bulaşmış silahlar yiyəsini yenilməz edəcəkdi, aybaşı qanına bulaşmış qapılardan şər ruhlar və cadugərlər uzaq tutulacaqdı və s.

Aybaşı qanının yeni doğulmuş çağanı da şər ruhlardan qoruyacağına inanılırdı.

Qırmızı rəng afrodiziak rəng kimi, sevgi, seks rəngidir həm də. Antropoloqlar tərəfindən bilinən ən qədim ritualların bəzilərində üz və bədən boyağı kimi qırmızı xardaldan istifadə ediblər. Doğurqanlığı simvolizə edən qırmızı rəng, həm də şəhvəti, ehtirası, qadın seksuallığını ifadə edir. Cazibədar, coşdurucu, canlı, seksual görünmək üçün qadınların qırmızı rəngdə geyimlərdən, qırmızı dodaq, yanaq, dırnaq boyağından istifadə etmələri bu günə kimi qalır. A.J. Elliot və D.Niesta bir çox insan olmayan dişi primatların qızğınlıq vaxtı üzlərini, döşlərini və cinsi orqanlarını qırmızıya boyamalarından yazır.

S.L.Kuhn və M.C.Stiner isə yazırlar ki, bəzək əşyalarından istifadənin məqsədi bərəkəti, doğumu artırmaq olub və qadınlar bəzək əşyaları ortaya çıxanadək bunun üçün qırmızı rənglə özlərini bəzəyiblər. Bunun izlərini, qadınların indi də yanaqlarını, dodaqlarını, dırnaqlarını və saçlarını (yaşlı qadınlarda xınadan istifadə, bərəkətverici güclərini qaytarmaq niyyəti bağlı olub) qırmızıya boyamalarında görmək olar.

J.D.Lewiss-Williams şaman rituallarında trans zamanı, qırmızı oxradan, ya da qanı təmsil edən hansısa qırmızı rəngdən istifadə edildiyini yazır və güney Afrikada San şamanlarının həmin boyaqda xüsusi magik güc olduğuna inandıqlarını deyir.

Sumer tabletlərində, seks gücünü artırmaq üçün hazırlanan cadulara qan qatıldığı yazılır. Menstruasiya qanı indi də, cadu-pitikdə təsirli magik güc sayılır. Duaların üçbucaq formasının analıq orqanını simvollaşdırması simvolistikada çoxdan bilinir.

Aybaşı qanının ilahi-yaradıcı gücü. Qan – tanrı rəngi kimi

Prehistorik insanın simvol kimi ən çox istifadə etdiyi rəng qırmızı olub. Üç həyatverici qüvvə – qadın, günəş, od bu rənglə əlaqələndirilirdi. Hər üçü Ana-tanrıda birləşdiyinə görə, onu qırmızı təsvir edirdilər. Arxeoloji qazıntılar nəticəsində ortaya çıxan ana-tanrı heykəllərinin əksəriyyətinin üzərində bəzəklər, yaxud müasir dillə desək, tatular qırmızı rəngdədir. İstər Venera heykəlciyi olsun, istərsə də Kibele, hamısında qabarıq görünən qırmızı bəzəmələr var. Qədim türklərdə də Umayın rəngi, habelə onun neqativ variantı (H)Al-anasının rəngi də qırmızı idi.

Adının mənası doğan, yaradan plazenta demək olan qədim türk tanrısı Umay qırmızı paltarda, qırmızı saçlarla təsəvvür edilirdi. Umay həm də bərəkət və qələbə verəcəyinə inanıldığı üçün ov və müharibə tanrısı idi. O, doğuma, zahı və çağaların həyatına məsul idi. Umayın əksi olan (H)Al anası isə zahı və çağaların qənimi sayılır. Al anasının adındakı “al” sözünün qırmızı məna verməsi əsla təsadüfi deyil. Çin mənbələrində də (H)Al-anasını təsvir edərkən, onu “qırmızı qadın” adlandırırlar (M. Seyidov). Onun uzun, dağınıq saçları qırmızı rəngdə təsəvvür edilir. Göründüyü kimi, qədim türklərin doğum və ölüm tanrıları da birbaşa qanla, qırmızılıqla bağlıdır.

Hindlilərin inamına görə Böyük Ana bütün kosmosu və onun maddəsini yaratmaq üçün aybaşı qanından istifadə edib. Hind mifinə görə ana-tanrı Kali isə tanrıları özünün aybaşı qanında yuyunmağa dəvət edir. Burada qanın günah yuma, təmizləmə funksiyası özünü göstərir. Beləliklə, Kalinin aybaşı qanında yuyunan tanrılar təmizlənib, günahlardan arınırlar. Vaxtilə bir çox kulturada qurban edilən heyvanların qanı ilə arınma ritualları olub.

Bir sıra qırmızı rəngli meyvəyə yüklənən mənalar da qan ilə bağlıdır. Məsələn, yunan mifinə görə nar – Dionisin tökülən qan damlalarında ortaya çıxıb. Miflərdə doğurqanlıqla əlaqəli olan nar, maskulin təsəvvürlərin çəkisi artdıqdan sonra Dionisə aid edilib, əslində isə qadın aybaşısının rəmzidir.

Antik Yunanıstanda keçirilən ana-tanrı Demeterin şərəfinə keçirilən Tesmoforiya bayramlarında oruc tutan qadınlar yalnız nar yeyə bilərdilər.

Qədim yunanlara görə, yeraltı tanrısı Hades, torpaq ana-tanrısı Demeterin qızı Persefonanı özünün yeratı dünyasına qaçırdır, onu özünə bağlamaq üçün nar dənələri yedizdirir. Persefona ilin yarısını yer üzündə anası ilə keçirsə də, yediyi nar dənələrinin magik təsiri ilə Hadessiz qala bilməyib, ilin qalan yarısını yer altında, ərinin yanında keçirir. Nədən nar dənəsi yeyən Persefona həmişəlk yer üzündə qala bilmir? Bayaq deyildiyi kimi, nar dənəsi Dionisin qanının deyil, daha əvvəllər aybaşı qanının simvolu idi. İndi də qadınlar bir kişini özlərinə bağlamaq üçün öz menstruasiya qanları damlamış cadulu içkini həmin adama içizdirirlər. Bu, hələ də ən təsirli cadu-pitik sayılmaqdadır!

Yaxud miflərdə tanrıların bağında bitən əbədi gəncliyin qızıl alması, dinlərdə qadağan edilmiş cənnət alması, nağıllarda cütlüklərə uşaq verən dərviş alması… Eşq, günah, ağıl, seksuallıq, gənclik, bərəkət və s. kimi mənaları özündə birləşdirən alma. Alma uşaq verir, alma ömrü uzadır və gəncləşdirir, ölümsüzlük verir. Həm alma, həm də nar həyat, doğurqanlıq simvoludur.

Amerikalı antropoloq R.Underhill yazır ki, doğuş və aybaşı – gücün təbii ifadələridir. Burada söhbət qadını güclü edən mistik dəyərlərin kökündən gedir.

Bu güclə, tək balasını deyil, mənsub olduğu bütün qəbiləni də qorumaq qadına aid edilib. Demək olar ki, qədim dünyanın əksər bərəkət, doğum, sevgi tanrılarını, həm də savaş, döyüş tanrıları kimi qadın cinsində görürük.

Bu – bizim Umay ana tanrısına da aiddir. Ana-tanrıların qoruyucu olma təsəvvürü qadınlığın yuxarıda adı çəkilən təbii gücləri ilə bağlı idi.

Qadınlığa keçid mərasimləri

Etnoloqlar – Frazer və Briffault menstrual ritualların demək olar ki, bütün xalqlarda olduğunu ortaya çıxarıblar.

Oğlanın qanadılaraq kişiliyə keçməsi ilə (sünnət) qızın qanayaraq qadınlığa keçməsi (aybaşı) arasında bir əlaqə varmı? (Bu mövzuya sonrakı yazılarda gəlib çıxacağıq.) Oğlanlar üçün indiki sünnət mərasimləri necə əhəmiyyətli və vazkeçilməzdirsə, bir zamanlar qızların ilk menstruasiyasını mərasimləşdirmək də elə vacib və mütləq sayılmışdır.

İlk aybaşının bayram edilməsinə yunanlar Menarxe deyirdilər. Bu söz yunanca ay başlanması deməkdir. Antik Yunanıstanda Afinanın şərəfinə keçirilən festivalların əsas qəhrəmanları kiçik qızlar idi. Onlar bu festivallarda təntənəli şəkildə uşaqlıq geyimlərini çıxarıb, ərgənlik geyimini geyirdilər. Və beləcə evlilik yaşına girdiklərini bəyan edirdilər.

Avstraliya yerliləri (Arunta və Lurtitcha cəmiyyətləri) oğlanların ərgənliyə keçiş mərasimlərində qan axıtmazdan qabaq bədənlərini qırmızıya boyayırlar.

Papua Yeni Qvineyada Sepik çayı qəbiləsinin gəncləri ərgənliyə keçmə rituallarında bədənlərini yaralayıb qan axıdırlar.

Matusa qəbiləsinin gəncləri belə mərasimlərdə dillərini kəsib qanadırlar.

Sambian qəbiləsinin 7 yaşlı oğlanları analarından alınıb ayrı yerdə böyüdülür, 10 yaşına çatanda burunları qanadılır və ömürlərinin yeni mərhələsinə keçirlər.

Amazonun güney qərbində Ticuna xalqı, gənc bir qız aybaşı olanda onu bir balaca otağa salıb aylarla orada saxlayırlar. Onların inamına görə, bu qızlar həmin yerdə qaldıqları vaxt yeraltına gedib oradan ərgənliyə hazır gənc qız kimi qayıdırlar. Bu, yenidən doğum ideyası ilə bağlıdır: bir qızın ölüb, bir qadının doğulması.

Andaman xalqı da bir qız ilk dəfə aybaşı olanda onu xüsusi qoruma altında üç gün kiçik bir komada saxlayırlar. Bu ritualda qırmızı boya ilə bəzənmə əsas şərtlərdəndir.

Yaponiyada da həmin gün xüsusi qırmızı rəngli yeməklərlə və içkilərlə bayram edilirdi.

Hələ də bir çox yerdə ilk menstruasiyaya başlayan qız qırmızı paltar geyinir, üz-gözünü, bədənini qırmızıya boyayır. Sünnət mərasimlərində də qırmızı rəngə əhəmiyyət verilməsi bu məntiqə dayanır. Məsələn, Azərbaycanda sünnət prosesində oğlanların üzünə qırmızı parça tutulur, üstünə qırmızı parça sərilir. Ta bu yaxınlara kimi isə onlara qırmızı qız paltarı geyindirirdilər.

Yuxarıda yazmışdım ki, gənc qızların ilk menstruasiya dövrü çox böyük təntənə ilə qızlıqdan qadınlığa keçid kimi bayram edilirdi. Sonralar qızlıqdan qadınlığa keçid ilk menstruasiya ilə deyil, bəkarətin aradan qalxması ilə hesablandı. Aybaşı qanının daşıdığı mənalar qırmızı rəngə yüklənib evlilik mərasimlərinin əsas motivinə çevrildi.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAybaşı tabusu: aybaşı qanının ilahi və magik gücü