”Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları içəridə qalıb”

Ötən ilin noyabrında ayaqlarında damar genişlənməsi əməliyyatı aparılan qadın hələ də yataq şəraitində müalicə alır

Source:
Arxiv foto
Arxiv foto


Ötən ilin noyabrında ayaqlarında damar genişlənməsi əməliyyatı aparılan qadın hələ də yataq şəraitində müalicə alır

“Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları da, çıxarmalı olduqları damar da içəridə qalıb. 8 ay keçib, məni hələ də xərəkdə xəstəxanalara daşıyırlar”.

Bakı sakini Şölə Quliyeva deyir, hər iki ayağındakı damar genişlənməsindən (varikoz) əziyyət çəkdiyi üçün ötən ilin noyabrında Səhiyyə Nazirliyinin nəzdindəki Xüsusiləşdirilmiş Angioloji Mərkəzə müraciət edib. Müayinələrdən sonra həkimlər təcili əməliyyata ehtiyac olduğunu bildiriblər, bu barədə AzadlıqRadiosu xəbər verib.

Əməliyyat gerçəkləşib, amma həkimlər nəinki xəstənin ayaqlarını, heç yaralarını da sağalda bilməyiblər. Şölə xanım, nə az-nə çox, düz 2 ay xəstəxanada qalıb. Bu ilin yanvarında o, yaraları tam sağalmamış vəziyyətdə evə buraxılıb:

“Elə bil damarı özüm dartıb çıxarmalıydım…”

“Yaralardan hələ də çirk gəlir… Gedirəm həmin xəstəxanaya, hər dəfə az qala bir ovuc tibbi bint sapı çıxarıb yola salırlar. Yaralar bitişmir, həkim də yıxır öz üstümə, deyir, orqanizmin belədir. Hara getdimsə, müayinə etdilər, dedilər, əməliyyat səhv aparılıb. İş orasındadır, əməliyyatı səhv aparan həkimlər bu gerçəklə razılaşmırlar. “Yaranın içindən hər dəfə bir topa sap çıxarırlar, deyirlər, günah xəstədədir, elə bil sapı ora mən yığmışam. Çıxarılmalı damarın yarısını kəsib içəridə saxlayıblar, özlərini elə aparırlar ki, elə bil damarı özüm dartıb çıxarmalıydım. Səhvlərini boyunlarına almaqdansa, adamın özünü borclu çıxarırlar”.

Şölə xanım səhv əməliyyat üzündən 8 ayda xeyli maddi zərərə düşdüyünü də iddia edir.

“Müdaxilə edir, sonra da həkimin yaxasından yapışırlar”

Angioloji Mərkəzdən “Qaynar xətt”ə bildirilib ki, əməliyyatın səhv aparılması mümkün deyil: “Bəzən xəstələr özləri yaraya müdaxilə edirlər, sonra da həkimin yaxasından yapışırlar”.

Səhiyyə Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, məsələni araşdırmaq üçün komissiya yaradıla bilər. Ancaq bundan ötrü gərək əvvəl Şölə Quliyeva quruma rəsmi müraciət etsin.

Ana səhifəXəbərlər”Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları içəridə qalıb”