AXCP və Milli Şuranın mitinqinə icazə verilməyib

Xəbər yenilənib

Foto: Meydan TV

Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şuranın “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

AXCP və Milli Şura “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aprel ayının 27-də mitinq keçirməyi planlaşdırırdı.

Mitinqin “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçirilməsi nəzərdə tutulurdu.

AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində BŞİH-nin qərarına münasibət bildirib.

“Növbəti dəfə nümayiş etdirdilər ki, qanunlar da, Konstitusiya da bunlar üçün sadəcə kağız parçasıdır. Artıq 6 ildir ki, Azərbaycanda heç bir mitinqin keçirilməsinə rejim imkan vermir. 27 aprel aksiyasını da qadağan etməklə rejim özü Azərbaycanı diktatura adlandıranları növbəti dəfə haqlı çıxardı”.  

İlham Əliyev həm xalqımıza, həm də dünyaya izah etməlidir ki, Cənubi Qafqazdakı qonşularımızın – gürcü və erməni xalqının sərbəst toplaşmaq imkanı olduğu halda, biz azərbaycanlılar nəyə görə bu konstitusion hüququqdan məhrum edilmişik? Hökumət xalqımızı bu hüquqa layiq bilmir, yoxsa xalqdan qorxur?”,- Əli Kərimli belə yazıb.  

Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.

Azərbaycanda müxalifət 6 ilə yaxındır kütləvi mitinqlər təşkil edə bilmir. Azərbaycan Xalq Cəbhəsi Partiyası dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, hər dəfə də “yox” cavabı alıb. Mitinqlərin keçirilməsi məqbul hesab olunmayıb.

Ana səhifəSiyasətAXCP və Milli Şuranın mitinqinə icazə verilməyib