Noyabrın 25-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün saxlandığı deyilir.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı “Facebook”da yazıb. Bildirib ki, partiyanın Gənclər Komitəsinin üzvü İslam Sahiboğluna 30 sutka inzibati həbs cəzası verilib. O, gənc fəalın həbsinin qanunsuz olduğunu deyib:
“Hakimiyyətin AXCP-yə qarşı repressiya siyasətini davam etdirir. İ. Sahiboğlu partiyanın Yasamal rayon şöbəsinin üzvüdür. Bu gün (25 noyabr) səhər saatlarında polislər onu saxlayıb 29-cu polis bölməsinə aparıblar. İndi məhkəmə qərarı ilə ona 30 sutka inzibati həbs verildiyi bildirilir”.
Nə Yasamal rayon Polis Bölməsindən, nə də Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olub. Gəncin nədə günahlandırıldığı bilinmir.
Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. AXCP-nin daha bir neçə fəalı isə inzibati qaydada həbs edilib.