Xəzər Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin cəzasının qanunvericilikdəki dəyişikliyə uyğunlaşdırılması və onun cinayət məsuliyyətindən azad edilməsi barədə ərizəsi təmin olunmayıb.
Xəzər Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov AXCP fəalının işinə dəyişikliklərə uyğun şəkildə yenidən baxmaqdan imtina edib.
Aqil Məhərrəmli Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma) maddələrilə 4 il azadlıqdan məhrum edilib.
Bu ilin mayında Cinayət Məcəlləsinə, o cümlədən Aqil Məhərrəmovun ittiham olunduğu maddələrə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, əgər şəxs əldə etdiyi gəlirin bir mislini ödəyərsə, cinayət məsuliyyətindən azad edilə bilər.
Aqil Məhərrəmli bildirir ki, o, sadəcə, siyasi məhbus ailələrinə yardım məqsədilə göndərilmiş vəsaiti çatdırıb, heç bir gəlir əldə etməyib: “Mənə göndərilib, mən də çatdırmışam. Mən o puldan bir manat da gəlir əldə etməmişəm. Mənim əməlimdə cinayət tərkibi yoxdur”.
AXCP funksionerinin vəkili Aqil Layıc bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək: “Cinayət qanunvericiliyinə iqtisadi cinayətlərin hümanistləşdirilməsi ilə bağlı dəyişikliyi əsas tutaraq ərizə vermişdik. Bir neçə prosesdə müzakirələrdən sonra təmin edilmədi. Çox təəssüf edirəm. Ortada nə zərər var, nə zərərçəkən, nə də gəlir. Belə olan halda, Cinayət Məcəlləsi diqtə edir ki, şəxsə qarşı olan cinayət təqibinə xitam verilsin”.
Aqil Məhərrəmli 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Babək Həsənov və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. Saleh Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib.
Onun sözlərinə görə, məbləğ isə ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub.