AXCP üzvü qoyun otararkən saxlanılıb

“Sonradan öyrəndik ki, polis barədə tənqid yazdığına görə saxlayıblar”.

Source: Facebook


Qaçay Qafarovun polisləri tənqid etdiyi üçün saxlandığı bildirilir

İyulun 4-də, günün ikinci yarısında AXCP Göyçay rayon təşkilatının üzvü Qaçay Qafarov saxlanılıb. Səbəb kimi onun iyulun 2-də “Facebook“ səhifəsində polislər haqqında tənqidi status yazmasıdır.

Qaçay Qafarovun atası Alışan Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvüdür.

Məlumatı Meydan TV-yə Müsavat Partiyasının rayon təşkilatından Namiq Hacibeyli verib.

Namiq Hacıbəylinin sözlərinə görə, polislər Qaçay Qafaqovu Yalman kəndində qoyun otararkən aparıb və ailəsinə heç bir izahat verməyib:

“Sonradan öyrəndik ki, polis barədə tənqid yazdığına görə saxlayıblar”.

O, rayon məhkəməsinin iyulun 6-da Qaçay Qafarov haqqında qərar verəcəyini bildirib.

Qaçay Qafarovun atası Alışan Qafarov Meydan TV-yə oğlunun saxlanıldığını təsdiqləyib.

O, oğlunun kənddə qoyun otararkən 4 nəfər mülki geyimli şəxs tərəfindən aparıldığını söyləyib:

“Biz polis şöbəsinə getdik. Əvvəlcə heç nə demədilər. Sonradan növbətçi mayor Zeynalov oğlumun "Facebook"-da yazdığı statusa görə saxlanıldığını və sabah məhkəməyə aparılacağını söylədi”.

Alışan Qafarov oğlu Qaçay Qafarovun AXCP üzvü olduğunu da deyib.

Həftəsonu olduğundan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətAXCP üzvü qoyun otararkən saxlanılıb