Polis şöbəsindən bildirilib ki, Vasif Fətiyevin izahatı alınandan sonra sərbəst buraxılacaq
AXCP sədrinin müavini Gözəl Bayramlı “Facebook” səhifəsində bildirib ki, partiyanın Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev polisə aparılıb.
G.Bayramlı partiya üzvünün küçədə saxlanılaraq zorakılıqla polis şöbəsinə aparıldığını bildirib. “Onunla birlikdə olan şöbə sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb. Onun cibindən eynəyini çıxarıb və götürüblər. Hazırda Vasif Fətiyev polis şöbəsində saxlanılır və onun saxlanılmasının səbəbləri barədə heç bir məlumat verilmir”.
Beyləqan rayon Polis Şöbəsinin polis kapitanı İlkin Hüseynov Meydan TV-yə məlumat verib ki, Vasif Fətiyev təhqiqat araşdırması ilə bağlı polis şöbəsinə dəvət olunub və izahatı alınandan sonra buraxılacaq. İ.Hüseynov AXCP üzvünün hansı təhqiqat işi ilə bağlı saxlandığını deməyib.
Polis kapitanı əlavə edib ki, AXCP üzvünə qarşı fiziki güc tətbiq olunmayıb.