AXCP üzvü polis maşınının şüşəsini sındırmaqda ittiham olunur

Rövşən Məmmədov saxlanılarkən. Foto: Əziz Kərimovun “Facebook” səhifəsindən

“Şahidlər, videogörüntülər var, şüşəni özləri sındırıblar…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi etiraz aksiyası zamanı saxlanılan 200-ə yaxın iştirakçının demək olar ki, hamısı buraxılsa da, bir nəfərdən xəbər yox idi. Söhbət partiyanın Salyan şöbəsinin üzvü Rövşən Məmmədovdan gedir. Ona 30 sutka inzibati həbs cəzası verilib.

İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunan Rövşən Məmmədovun aksiya zamanı hadisə yerində olan Post-Patrul Xidməti maşınının şüşəsini sındırdığı iddia olunur.

Lakin Rövşən Məmmədov özü də, AXCP də bu ittihamı rədd edir.

Foto: Rövşən Məmmədovun şəxsi profilindən

“Şahidlər, videogörüntülər var, şüşəni özləri sındırıblar, Rövşən Məmmədovu şərləmək üçün istifadə edirlər. Rövşən Məmmədovu maşına mindirəndə artıq şüşə sınıq olub. Yüzlərlə insanın gözü qarşısında baş vermiş bir hadisə ilə bağlı belə ağ yalan danışmağın adını qoymağa da çətinlik çəkirik”, – AXCP-dən Meydan TV-yə belə deyilib.

Partiya Məmmədovun ailəsinin Salyanda acınacaqlı vəziyyətdə yaşamasına da diqqət çəkib:

“Belə bir durumda olan ailənin yeganə çörəkgətirənini şərləyiblər…”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada isə iddia olunur ki, noyabrın 11-də etiraz aksiyası zamanı iştirakçılardan Rövşən Məmmədov sərxoş vəziyyətdə olub. O, polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq polis bölməsinə gətirilib.

Ana səhifəSiyasətAXCP üzvü polis maşınının şüşəsini sındırmaqda ittiham olunur