Fuad Əhmədli məhkəmədə deyib ki, həbsdə qalarsa, səhhəti pisləşəcək
Nəsimi rayon Məhkəməsi AXCP-nin Xətai rayon şöbəsinin Gənclər Komitəsinin sədri Fuad Əhmədlini ev dustaqlığına buraxmayıb. 8 sentyabrda baş tutan məhkəmə haqqında gəncin vəkili Əsabəli Mustafayev Meydan TV-yə məlumat verib. O bildirib ki, AXCP üzvünə qarşı seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə vəsatət veriblər. Hakim Şəlalə Həsənova vəsatəti təmin etməyib. “ Biz belə bir qərarın çıxarılacağını gözləyirdik. Heç bir siyasi motivli işdə bu şikayəti təmin eləmirlər. Biz qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcəyik.
Məhkəməyə Fuad Əhmədlinin səhhəti ilə bağlı tibbi arayışlar da təqdim olunub. Gənc fəal məhkəmədə bildirib ki, səhhətində problemlər var və müalicə almalıdır: “ Fuad məhkəmədə dedi ki, həm DTX-nın İstintaq Təcridxanasında, həm də 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində pisləşmə olub. Buna görə də ona tibbi yardım çağırıblar. Həbs müddəti davam edərsə, onun problemləri kəskinləşə bilər”.
Fuad Əhmədli avqustun 18-də həbs edilib. Rəsmi ittihamda Fuad Əhmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məxfi məlumatları müəyyən şəxslərə ötürdüyü deyilir. Gəncin ailəsi və mənsub olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, F.Əhmədli siyasi fəaliyyətinə görə həbs olunub.