AXCP üzvü: “Bir variant qalır ki, evimizə gəlsinlər”

Foto: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Ehsan Zahidov: “Ola bilsin, hansısa qaydaları pozduqlarına görə kimlərisə dəvət ediblər”

AXCP Sumqayıt təşkilatının 13 fevral onlayn toplantısından sonra cəbhəçilərə yerli polisin təzyiqinin başladığı deyilir.

Bu barədə partiyanın Sumqayıt təşkilatından məclis üzvü Cabbar Savalanlı Meydan TV-yə danışıb.

Cabbar Savalanlı onlayn toplantıda iştirak edən 10 nəfərdən çox partiya üzvünün müxtəlif təzyiq üsullarıyla qarşılaşdığını bildirib: “Məsələn, taksi sürücüsü işləyən cəbhəçiləri yoldan aparıblar, bəzilərini yerli bölməyə çağırıblar. Əsasən sahə müvəkkilləri cəbhəçilərin evlərinə gedib sorğu-sula aparıblar”.

C.Savalanlının sözlərinə görə, polisin əsas sualları toplantıda hansı məsələləri müzakirə etmələri istiqamətində olub: “Bundan əlavə nəyiniz çatmır, hansı problemləriniz var, yaxud toplantını kim təşkil edib, niyə AXCP üzvüsən tipli suallar olub”.

Məclis üzvü təzyiqlərə rəğmən partiyadan uzaqlaşanların olmadığını deyib.

O, pandemiyadan əvvəl də oxşar situasiyala üzləşdiklərini bildirib: “O vaxt toplaşdığımız çayxananı bağladılar. İndi onlayn iclas keçiririk, bir variant qalır ki, evimizə gəlsinlər və ya idarəyə çağırsınlar”.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov polisin AXCP üzvlərinə təzyiqi barədə deyilənləri təkzib edib: “Ola bilsin, hansısa qaydaları pozduqlarına görə kimlərisə dəvət ediblər. Qaydanı pozanın bölməyə dəvət edilməsi normaldır, yaxud icazəsiz “taksovat”lıqla məşğul olub saxlanılıb. Burda qeyri-adi heç nə yoxdur. Amma dəvət olunanların AXCP və ya YAP-ın üzvü olmasına hər hansı fərq qoyulmur”.

Ana səhifəSiyasətAXCP üzvü: “Bir variant qalır ki, evimizə gəlsinlər”