AXCP üzvlərinin apelyasiya şikayəti təmin edilmədi

Vəkillər Meydan TV-yə bildirib ki, növbəti addımları hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət verəcəklər.

Source:


Vəkillərin vəsatəti də qəbul olunmayıb

Qarabağa dəstək yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən 5 nəfərin, həmçinin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun da şikayətinə baxılıb. Şikayətlər onların barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə birinci instansiya məhkəmələrinin qərarlarından verilmişdi. Vəkillər şikayətlərində onların həbsdən buraxılmasını, istintaq getdiyi dövrdə azadlıqda qalmalarını istəmişdi.

Şikayətlərə İlqar Murquzov, Həsən Əhmədov və başqa hakimlər baxıblar. Hamısı da eyni qərarı veriblər – apelyasiya şikayətləri təmin edilməyib, həbs qərarları qüvvədə saxlanılıb.

Sözügedən altı nəfərin heç birini məhkəməyə gətirməyiblər. Məsələn, Mehdi İbrahimov və Ramid Nağıyev haqqında bildirilib ki, onlar koronavirusa yoluxub, müalicə altındadır, bu səbəbdən məhkəmədə iştirak etmələri mümkün deyil. Seymur Əhmədzadənin Bakı İstintaq Təcridxanasından məhkəmədə iştirak etmək istəməməsi barədə məktub göndərilib. Vəkillər bildiriblər ki, məhkəmədə onlayn qaydada da olsa, müvəkkillərinin iştirakı təmin edilməlidir. Onların şikayətinə özlərinin iştirakı olmadan baxıla bilməz.

Lakin hakimlər vəkillərin bu barədə vəsatətlərini təmin etməyib.

Vəkillər Meydan TV-yə bildirib ki, növbəti addımları hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət verəcəklər.

Son on gündə həbs olunan cəbhəçilərin bir qismi karantin rejimini pozmaqda, bir neçəsi koronavirus yaymaqda, əksəriyyəti isə iyulun 15-də Qarabağa dəstək yürüşündə təxribat yaratmaqda ittiham olunur.

AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və prezident İlham Əliyevin 15 iyulda AXCP haqqında nifrət çıxışından qaynaqlanır.

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.

Həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil olan şəxslər – partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov da var. Onlara qarşı Cinayət Məcəlləsinin 186 (əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəкətlər təşкil etmə ) və 315-ci (haкimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. F.Qəhrəmanlıya isə bunlardan əlavə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsilə də ittiham verilib.

Ana səhifəSiyasətAXCP üzvlərinin apelyasiya şikayəti təmin edilmədi