AXCP son olaylarla bağlı bəyanat yaydı

“Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizəni dayandırmaq avtoritar Əliyev rejiminə nəsib olmayacaq”

Source:


“Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizəni dayandırmaq avtoritar Əliyev rejiminə nəsib olmayacaq”

Bu fikir Azərbaycan Xalq Cəbhəsi Partiyasının Meydan TV-yə daxil olan bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Azərbaycan hakimiyyəti özünün siyasi rəqiblərinə qarşı düşmən münasibəti davam etdirir. Çox təəssüf ki, o, tarixin ibrət dərslərindən nəticə çıxarmayaraq, itirdiyi ictimai etimadın və beynəlxalq dəstəyin yerini vətəndaşlarına qarşı zülmü artırmaqla doldurmaq istəyir. İyulun 30-da Azərbaycanın daha bir günahsız ictimai-siyasi fəalı – AXCP Rəyasət Heyətinin üzvü, II qrup Qarabağ əlili, hüquqşünas və bloqçu Asif Yusifli ağır cəzaya məruz qalıb. Ona sifarişli məhkəmə hökmü ilə 7 il 6 ay həbs cəzası verilib. Asif Yusiflinin son sözündə də dediyi kimi, ona qarşı ittihamın heç bir hüquqi əsası yoxdur və onu AXCP rəhbərliyində təmsil olunan bir şəxs kimi siyasi fəaliyyətinə görə cəzalandırıblar. Bu arada daha bir AXCP fəalı, Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Nuranə Süleymanzadə sosial şəbəkələrdə tənqidi qeydlərinə görə polisə çağırılıb və ona xəbərdarlıq edilib. İyulun 29-da isə həbsxanada REAL hərəkatının sədri İlqar Məmmədov hücuma məruz qalıb. Gəzinti zamanı dustaqlardan biri ona hücum çəkərək bir neçə zərbə endirib və bunu İlqar Məmmədovun hökumətə olan tənqidi münasibətinə görə etdiyini gizlətməyib. Bu, siyasi rəqibləri təkcə qanunsuz həbslə cəzalandırmaqla kifayətlənməyib, onlara həbsxana şəraitində mənəvi-fiziki terror təşkil etmək həddində acizlik və özbaşınalıq deməkdir. Bundan əvvəl də başqa bir siyasi məhbus, hüquq müdafiəçisi Leyla Yunusa qarşı həbsxana şəraitində oxşar mənəvi-fiziki zorakılıq təşkil edilmişdi”.

Partiya hesab edir ki, bu əməllərin sifarişçiləri və icraçıları anlamalıdırlar ki, etdiklərinə görə gec-tez hüquqi məsuliyyət daşıyacaqlar. Heç bir qanunsuzluq və özbaşınalıq tarixin ədalət mühakiməsindən kənarda qalmayacaq.

“AXCP “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin və “Meydan” TV-nin rəhbəri Emin Millinin qohumlarının onlara görə həbs edilməsini də xatırladaraq, hakimiyyəti müxalifətçi ictimai-siyasi fəallara qarşı repressiyanı dayandırmağa çağırır. AXCP bildirir ki, bu siyasətin heç bir perspektivi yoxdur. Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizəni dayandırmaq, siyasi müxalifəti və vətəndaş cəmiyyətini tamamilə sıradan çıxarmaq avtoritar Əliyev rejiminə nəsib olmayacaq”.

AXCP hakimiyyəti günahsız həbs edilmiş siyasi dustaqları azad etmək, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyadan imtina edib, islahatlara başlamaq barədə düşünməyə çağırır. Əgər hakimiyyət üzləşdiyi indiki beynəlxalq təcridi öz xalqına qarşı zülmü artırmaqla neytrallaşdırmaq həvəsindədirsə, yanılır. Əksinə, belə bir şəraitdə cəmiyyətə qarşı qəddarlığı artırmaq ictimai nifrəti gücləndirmək və partlayışlara yol açmaqdan başqa nəticə doğura bilməz.

Ana səhifəXəbərlərAXCP son olaylarla bağlı bəyanat yaydı