AXCP sədrinin şikayəti təmin olunmadı

Sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən insanlara kəsilən cərimələrin ödənməsi üçün xeyriyyə marafonunun təşkilində də, bu marafonda iştirak edib ianə verilməsində də heç bir qanun pozuntusu yoxdur.

Source: Meydan TV


Əli Kərimli məhkəmə qərarından apelyasiya şikayəti verəcək

AXCP sədri Əli Kərimli iyunun 28-də Müsavat Partiyasının qərargahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin keçirdiyi xeyriyyə marafonunda iştirak edib, ianə verən zaman tutulub polis idarəsinə aparılmasına görə məhkəməyə müraciət edib.

İyulun 31-də Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyilə onun şikayət ərizəsinə baxılıb.

Məhkəmə nəzarəti qaydasında təqdim olunan şikayətlə bağlı məhkəmə qapalı keçirilib. Hakim şikayəti təmin etməyib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək:

“İyulun 28-də Əli Kərimli heç bir əsas olmadan faktiki həbs olunub, iki saatdan artıq saxlanılıb. Sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən insanlara kəsilən cərimələrin ödənməsi üçün xeyriyyə marafonunun təşkilində də, bu marafonda iştirak edib ianə verilməsində də heç bir qanun pozuntusu yoxdur. Bu barədə öncədən də elan verilmişdi. Amma polislər qanunsuzluq edərək Əli Kərimlini apardılar, tədbiri dağıtdılar, binanı mühasirəyə aldılar. Əli Kərimlini Binəqədi Rayon Polis İdarəsinə aparıb orada saxlasalar da, partiya üzvlərinə, başqa ictimai-siyasi fəallara yalan məlumat verilirdi ki, guya orada deyil, məhkəməyə aparılıb. Bununla paralel hökumətyönlü mediada Əli Kərimli haqqında böhtan xarakterli məlumatlar yayıldı, ardınca Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bənzər açıqlama yaydı. Bütün bunlar həmin hadisələrin eyni mərkəzdən idarə olunduğunu göstərirdi”.

Ə.Kərimli şikayət ərizəsində iyunun 28-də saxlanmasının qanunsuz həbs olduğunu göstərib və məhkəmədən də bu cür qiymətləndirilməsini istəyib. AXCP sədri həmin Azərbaycanın da ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının (azadlıq hüququ, birləşmək hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ və s.) pozulduğunu bildirir.

İyunun 28-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilirdi ki, Ə.Kərimli Müsavat Partiyasının qərargahı qarşısında qanunsuz yürüşə çağırış etdiyinə görə polisə dəvət olunub. Ona xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Ana səhifəXəbərlərAXCP sədrinin şikayəti təmin olunmadı