AXCP Rəyasət Heyətinin üzvü Elmlər Akademiyasındakı işindən çıxarılıb

”Siyasi fəaliyyətinə görə işdən çıxaracaqları ilə hədələmişdilər”

Source:
AMEA
AMEA


”Siyasi fəaliyyətinə görə işdən çıxaracaqları ilə hədələmişdilər”

Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işləyən AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov siyasi fəaliyyətinə görə işdən çıxarılıb.

Bu barədə özünün Facebook səhifəsində AXCP sədri Əli Kərimli yazıb.

“Bəxtiyar bəy son illərdə keçirtdiyimiz mitinqlərin təşkilatçılarından biridir. Ona görə də hökumətin hədəfində idi. Hətta Elmlər Akademiyasının Rəyasət Heyətinə belə çağırıb, işdən çıxaracaqları ilə hədələmişdilər”.

Ə.Kərimli qeyd edib ki, Milli Şuranın ötən ilin payızında silsilə mitinqləri ilə bağlı Bəxtiyar İmanova qarşı təzyiqlər daha da artıb.

“Bəxtiyar bəy geri çəkilmədiyi üçün onun ailə üzvlərini işdən çıxartdılar. Qardaşını işlədiyi peşə təhsili məktəbindən, bacısını isə 12 il dərs dediyi orta məktəbdən işdən çıxartdılar”.

Onun sözlərinə görə, 31 mart mitinqinə bir neçə gün qalmış Bəxtiyar İmanovu işlədiyi Elmlər Akademiyasına çağırıb ona son xəbərdarlıq ediblər.

Bəxtiyar İmanov
Bəxtiyar İmanov

“Açıq dedilər ki, mitinqlərin təşkilat komitəsindən və AXCP-dən istefa verməsə işindən çıxarılacaq. Bəxtiyar bəy hədələri rədd etdi, mitinqin təşkilində əlindən gələni әsirgәmәdi. Mitinqdən bir gün sonra isə Ali Məclisin iclasında cəbhədaşları Bəxtiyar bəyə etimad göstərib, onu AXCP Rəyasət Heyətinə üzv seçdilər. Bəxtiyar bəy Akademiyadakı işindən uzaqlaşdırıldı”.

Azərbaycan Milli Elmlər Akademiyasından isə Bəxtiyar İmanovun işdən çıxarılması səbəbini intizamsızlıqla bağlı olduğu bildirilib.

“Bəxtiyar İmanov siyasi fəaliyyətinə görə yox, əmək intizamını pozduğuna görə işdən azad edilib”, – insitutun kadrlar şöbəsindən bildiriblər.

Məlumata görə, B.İmanov Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozub:

“İşə davamiyyətli gəlməyib, əmək funksiyasını, vəzifələrini yerinə yetirməyib və rəhbərliyin əmrilə martın 28-də işdən azad edilib”.

B.İmanov 2002-ci ildən bu institutun əməkdaşı olub.

Əmək Məcəlləsinin 72-ci maddəsinə (əmək intizamının pozulması) istinadən siyasi paritya üzvlərinin işdən azad edilmələri ilk təcrübə deyil. Keçən il AXCP Heftçala rayon təşkilatının sədri və onun xanımı məhz məcəllənin bu maddəsilə dərs dedikləri məktəblərdən uzaqlaşdırılmışdılar.

Ana səhifəXəbərlərAXCP Rəyasət Heyətinin üzvü Elmlər Akademiyasındakı işindən çıxarılıb