AXCP-nin həbsdə olan üzvü: Mən o puldan bir manat da gəlir əldə etməmişəm

Məhkəmə dekabrın 30-da qərar verəcək

Source:


Məhkəmə dekabrın 30-da qərar verəcək

Xəzər Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin cəzasının qanunvericilikdəki dəyişikliyə uyğunlaşdırılıb azaldılması üçün verilən ərizəyə baxılıb.

Hakim Tərlan Əkbərovun sədrliyilə keçirilən məhkəmə iclasında A.Məhərrəmli iştirak etməyib. O, saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsindən internet vasitəsilə məhkəmə iclasına qatılıb. Çıxışında bildirib ki, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma) maddələrilə ona verilən ittihamlar əsassızdır. Cinayət törətmədiyi halda cəzalandırıldığını vurğulayan A.Məhərrəmlinin sözlərinə görə, o, sadəcə, siyasi məhbus ailələrinə yardım məqsədilə göndərilmiş vəsaiti çatdırıb. Cəbhəçi fəal heç olmasa, qanunvericiliyin yumşaldılması nəticəsində yaranan imkanın ona da tətbiq olunmasını istəyib: “Mənə göndərilib, mən də çatdırmışam. Mən o puldan bir manat da gəlir əldə etməmişəm. Mənim əməlimdə cinayət tərkibi yoxdur”.

Onun vəkili Aqil Layıc bu ilin mayında qanunvericiliyə edilən dəyişikliyi xatırlaraq bildirib ki, A.Məhərrəmliyə ittiham verilmiş hər iki maddə üzrə yumşalma olub. Cinayət yoluyla əldə edilmiş vəsaitin bir misli ödənilərsə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulub. Hüquqlarını müdafiə etdiyi şəxsə də bu dəyişikliyin tətbiq olunmasını istəyən vəkil vurğulayıb ki, A.Məhərrəmli ümumiyyətlə, heç bir gəlir əldə etməyib.

Prokuror ərizənin təmin olunmamasını, A.Məhərrəmli barədə hökmün dəyişdirilmədən saxlanmasını istəyib.

Məhkəmə isə bu məsələ ilə əlaqədar qərarını dekabrın 30-da elan edəcək.

A.Məhərrəmli 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Babək Həsənov və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. S.Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib. Onun sözlərinə görə, məbləğ isə ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub.

Ana səhifəXəbərlərAXCP-nin həbsdə olan üzvü: Mən o puldan bir manat da gəlir əldə etməmişəm