AXCP-nin həbsdə olan üzvü koronavirusa yoluxub

2 saylı Cəzaçəkmə Müəssisəsindən eyni səbəblə köçürülən daha bir məhkum Bəhruz Əliyevin atası İmamverdi Əliyev Meydan TV-yə bildirib ki, virusa yoluxan məhbusların sayının çoxluğu müalicə prosesinə də mənfi təsir göstərir.

Source: Meydan TV


Həbsxanada kütləvi infeksiyaya yoluxma halının olduğu deyilir

2 saylı Cəzaçəkmə Müəssisəsində 40-a qədər məhbusun COVİD-19 (koronavirus) infeksiyasına yoluxduğu bildirilir. Bu barədə Meydan TV-yə həmin müəssisədə saxlanılan məhkumların yaxınları məlumat verib. Virusa yoluxduğu deyilən məhbuslar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli də var.

Məlumata görə, sözügedən məhkumların hamısı 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsinə köçürülüb. Pandemiyaya qədər həmin müəssisədə əsasən vərəm xəstəliyindən əziyyət çəkən məhkumlar saxlanılırdı.

2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında koronavirus əlaməti olan məhbusların sayının çoxluğu, kütləvi qızdırma və boğazağrısı hallarının yayılması barədə xəbərlər təxminən 20 gün əvvəl yayılmışdı.

A.Məhərrəmlinin koronavirusa yoluxma ilə əlaqədar İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüldüyünü onun yaxınları da Meydan TV-yə təsdiqləyib.

2 saylı Cəzaçəkmə Müəssisəsindən eyni səbəblə köçürülən daha bir məhkum Bəhruz Əliyevin atası İmamverdi Əliyev Meydan TV-yə bildirib ki, virusa yoluxan məhbusların sayının çoxluğu müalicə prosesinə də mənfi təsir göstərir. Onun sözlərinə görə, hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan məhkumların sayı bu müəssisənin tutumundan xeyli çoxdur: “Bildiyimizə görə, məhbusların saxlanması üçün artıq yer yoxdur. Müəssisənin işçilərini də qınamaq olmur, neyləsinlər, xəstə çoxdur. O müəssisə indiki qədər adam üçün nəzərdə tutulmayıb axı. Bu, həm məhbusların özünə təsir göstərir, həm də müalicə prosesinə. Xəstələr daha da yaxşı qidalanmalıdır. Bunda da problem var. Karantinə görə rayon adamları Bakıya gələ bilmir deyə, özümüz də yemək gətirə bilmirik. Qalmışıq narahat, çarəsiz vəziyyətdə…”

Penitensiar Xidmət İxtisaslaşdırılmış Müalicə Müəssisəsində məhkumların çoxluğu, yer olmaması barədə məlumatı təkzib edib. Bu qurum məhbusların köçürülməsi barədə məlumatları da açıqlamır. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, məhkumların yerdəyişməsi ilə bağlı informasiya konfidensial hesab olunur və yalnız onun ailə üzvlərinə açıqlanır.

Məhkumların müayinə və müalicəsilə məşğul olan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi isə məhkumlar arasında koronavirusa kütləvi yoluxma ilə bağlı məlumatlara aydınlıq gətirməyib.

Bir müddət öncə Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev məhkumlar arasında koronavirusa yeni yoluxma hallarının olduğunu təsdiqləmişdi. Son vaxtlarda cəzaçəkmə müəssisələrində COVİD-19 infeksiyasına yoluxanların sayının cəmi 18 nəfər olduğunu deyən H.Hacıyevin sözlərinə görə, onlar vaxtından əvvəl şərti azadlığa buraxılıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.

May ayında Ədliyyə Nazirliyi və Operativ Qərargah məhkumlar arasında 46 nəfərin virusa yoluxduğu açıqlanmışdı.

Ana səhifəSiyasətAXCP-nin həbsdə olan üzvü koronavirusa yoluxub