AXCP-nin daxili “Söhbət” qrupundakı yazışmaları prokurorluq necə götürüb?

Təqsirləndirilən şəxslərdən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı deyir ki, məhkəmə istintaqı onlara qarşı irəli sürülmüş ittihamın saxta olduğunu ortaya qoydu

Source: Meydan TV


Vəkillərin vəsatəti təmin olunmayıb

2020-ci ilin iyulunda Tovuz hadisələrindən sonra Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşündən sonra həbs olunanların, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalının işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatır. Dindirmələr bitib və sübutların tədqiqi mərhələsi başlayıb. Mayın 27-də videogörüntülər, ekspert rəyləri və başqa sənədlər elan edilib. Təqsirləndirilən şəxslər və onların vəkilləri ekspertizanın rəylərinə etiraz ediblər. Bildiriblər ki, rəylərdə yazılanlar videogörüntülərə uyğun deyil.

AXCP üzvlərinin “Facebook” sosial şəbəkəsindəki daxili “Söhbət” qrupuna aid olduğu iddia olunan yazışmalar məhkəmədə elan edilib. O yazışmalarda AXCP fəalları yürüşdən, orada baş verən hadisələrdən danışır. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim bir qrup şəxsin Milli Məclisin binasına daxil olması barədı xəbərin ardından yazır ki, bu məsələ təxribata oxşayır. Rəyasət Heyətinin başqa bir üzvü Fuad Qəhrəmanlı yazır ki, yürüş ertəsi gün də davam etsə, onlar da aksiyaya qatılar, foto çəkdirib yayımlayar, cəmiyyət də AXCP-nin partiya olaraq, bu məsələdə onlarla birlikdə olduğunu görər və s.

Vəkillər vəsatət qaldıraraq, “Söhbət” qrupundakı yazışmaların sübutlar siyahısından çıxarılmasını istəyib. Müdafiəçilər vurğulayıb ki, bu yazışmaların hansı yolla əldə edildiyi məlum deyil: “Bu, daxili yazışmadır. Orada bu işə cəlb olunmamış onlarla başqa adamdan da bəhs olunur. Deməli, həmin adamların şəxsi həyatına müdaxilə olunub. Onların özəl yazışmaları gizli yolla ələ keçirilib. Bunun üçün məhkəmə qərarı olmalıydı. Belə bir qərar isə yoxdur. Sadəcə, A4 vərəqində yazışmalar çıxarıb, iş materiallarına əlavə ediblər. İstənilən adamın adından belə yazışmalar hazırlayıb ortaya qoymaq olar. Necə sübut eləmək olar ki, bunları həmin adamlar yazıb? Hansı yolla götürüldüyü ortaya qoyulmalıdır”.

Vəkillərin daha bir vəsatəti isə yürüş zamanı baş verənlər nəticəsində Milli Məclisə, Daxili İşlər Nazirliyinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi barədə olub. Onlar hesab edir ki, ziyanın məbləği şişirdilib.

Vəkillərin vəsatətlərinin heç biri təmin olunmayıb.

Məhkəmə prosesi iyunun 2-də davam edəcək. Həmin gün prokurorun çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

Təqsirləndirilən şəxslərdən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı deyir ki, məhkəmə istintaqı onlara qarşı irəli sürülmüş ittihamın saxta olduğunu ortaya qoydu: “İttiham tərəfinin özünün təqdim etdiyi sübut bizim təqsirsiz olduğumuzu göstərdi. Guya biz o yürüşün təşkilatçıları olmuşuq. Mənim və Məmməd İbrahimin telefonuna gəlib-gedən zənglərin siyahısını çıxarıblar. Həmin gün mənə iki zəng gəlib. Biri şəxsi məsələ ilə bağlı zəng olub. O biri adama isə demişəm ki, getməsin. Məmməd İbrahim də həmin gün ancaq oğlu ilə danışıb…”

Fuad Qəhrəmanlı da dəymiş ziyanla bağlı məbləğin şişirdildiyini deyir: “Milli Məclisdə bir daş qoparılıb, bir taxta lövhə, bir kompüter yerə düşüb. Buna görə guya 27 min manat ziyan dəyib. Daxili İşlər Nazirliyinə guya 54 min manat ziyan dəyib. Fikir yaradılır ki, xüsusi dağıdıcılıq fəaliyyəti həyata keçirilib”.

2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakda Qarabağa və Orduya dəstək yürüşü keçirilib və orada bir sıra olaylar baş verib – maşınlar aşırılıb, bir qrup şəxs Milli Məclisin binasına daxil olub və s. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması, qəsdən bədənə az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. AXCP Rəyasət Heyətinin iki üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlarla yanaşı hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı da verilib. İstintaqın sonunda bu ittiham hər ikisindən götürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Yürüşə görə həbs olunanlar, o cümlədən 15 nəfər AXCP funksioneri 2020-ci ilin noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Təqsirləndirilən şəxslər arasında Müsəlman Birliyi Hərəkatının, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri, Naxçıvan Muxtar Respublikası Daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var.

Ana səhifəSiyasətAXCP-nin daxili “Söhbət” qrupundakı yazışmaları prokurorluq necə götürüb?