Həbs olunan iki cəbhəçi dövlət əleyhinə çağırışda ittiham olunur

Zaur Əsgərov və Gündüz Mirzəyev. Foto: Şəxsi Facebook səhifələri

Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur

Martın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) üzrə ittiham olunublar. Bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki AXCP fəalı barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 13-də Bakı Apellyasiya Məhkəməsi onların həbs qərarından verilən şikayəti araşdırıb.
Zaur Əsgərovun vəkili Nemət Kərimli “Azadlıq” radiosuna bildirib ki, müvəkkilinin həbs edilməsi üçün qanunda tələb olunan maddi və prosessual əsaslar mövcud deyil:

“Zaur Əsgərovun həbs-qətimkan tədbiri ilə saxlanılması üçün ciddi əsas yoxdur. İstintaqı onun həbsdə olmadan da aparmaq mümkün idi. O, ailə başçısıdır, övladları var”.

Vəkil həmçinin bildirib ki, Zaur Əsgərov özünü təqsirli hesab etmir.

Apellyasiya şikayəti təmin edilməyib, Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

AXCP-dən verilən məlumata görə, hazırda partiyanın 15-ə yaxın üzvü həbsdədir. Onlar ittihamları rədd edir və siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətHəbs olunan iki cəbhəçi dövlət əleyhinə çağırışda ittiham olunur