AXCP-nin daha bir üzvünün həbs olunduğu bildirilir

Rahil Quliyev – Foto: Facebook şəxsi səhifəsindən

Onun 30 sutka müddətinə inzibati qaydada həbs olunduğu deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, partiyanın üzvü Rahil Quliyev 30 sutkalıq həbs edilib.

Partiyadan bildirildiyinə görə, dünən, mayın 6-dan onunla əlaqə saxlamaq mümkün olmayıb:

“Bu gün, mayın 7-də öyrəndik ki, Rahil Quliyev də 30 sutka müddətinə inzibati qaydada həbs olunub”.

Amma AXCP-dən məsələnin detalları açıqlanmayıb.

Məsələ ilə əlaqədar rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rahil Quliyev AXCP sədrinin hazırda 30 sutkalıq inzibati həbsdə olan mühafizəçisi Elnur Quliyevin qardaşıdır.

Müxalifətdə olan AXCP-nin hazırda ondan çox üzvü həbsdədir.

Üzvlər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Onlardan ikisi Əli Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.

Əli Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub.

Daha bir mühafizəçi Kənan İsmayılın ötən gün mayın 6-da  inzibatı qaydada 30 sutka həbs edildiyi bildirilir.

Onlar da ittihamları qəbul etmirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 357 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Ana səhifəSiyasətAXCP-nin daha bir üzvünün həbs olunduğu bildirilir