AXCP “Köklü demokratik dəyişikliklər” tələbi ilə aksiya keçirməkdə qərarlıdır

Foto: Meydan TV

İcra hakimiyyəti aksiyaya yox deyib

Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “Köklü demokratik dəyişikliklər” tələbi ilə aksiya keçirmək qərarı verib.

Bu barədə Meydan TV-yə partiyanın Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmov məlumat verib. Vahid Məhərrəmov köklü dəyişikliklər dedikdə, siyasi məhbuslara azadlıq, azad seçki, sərbəst toplaşmaq azadlığı və nəhayət, quru sərhədlərin açılmasını nəzərdə tutduqlarını bildirib.
Amma Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

Vahid Məhərəmovun sözlərinə görə, icra hakimiyyəti həmin ərazidə təhsil müəssisəsinin, əhalinin daha sıx fəaliyyətdə olduğu metro stansiyasının yerləşdiyini əsas gətirib insanların təhlükəsizliyinin təmin olunmasında ciddi çətinliklər törədəcəyini göstərib:

“Buna görə də şəhər rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun VII maddəsinin birinci hissəsini nəzərə alaraq aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Halbuki, partiyamızın nəzərdə tutduğu yerdə heç bir hərəkət yoxdur, 50 nəfərlə sakit piket keçirmək hər hansı problem yaratmayacaq. Biz əvvəllər də, 2019-cu ildə icra hakimiyyətinin razılığıyla həmin ərazidə aksiya keçirmişiksə, indi niyə qadağa qoyulsun?”.

Mənbə: “Facebook”

Vahid Məhərrəmov icra hakimiyyətinin cavab məktubuna rəğmən aksiyanı keçirəcəklərini bildirib:

“Onsuz da icra hakimiyyəti bütün müraciətlərə eyni cavabı verir. Biz isə onları yalnız xəbərdar etməliyik və bunu da yerinə yetirmişik. Qanunda belə nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti isə həmin ərazidə aksiya keçirməyi müvafiq saymırsa, digər ərazini təklif etməlidir, yəni səlahiyyət hüquqlarını aşmamalıdır”.

Ana səhifəSiyasətAXCP “Köklü demokratik dəyişikliklər” tələbi ilə aksiya keçirməkdə qərarlıdır