AXCP iki üzvünün sosial mediada yazdıqlarına görə həbs edildiyini bildirir

Foto: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax şöbəsinin  üzvü  Şamil Cəfərov sosial mediada yazdıqları şərhlərə görə həbs olunublar.

Bu barədə partiyadan məlumat verilib. 

Məlumata görə, Teymur Salahov yanvarın 17-də Göyçay rayon polis şöbəsinə çağırılıb. Yanvarın 18-də bölməyə gedən cəbhəçi sosial şəbəkədə yazdığı rəyə görə polis tərəfindən saxlanılaraq 10 sutka inzibati həbs edilib.

Partiyanın Yevlax rayon şöbəsinin  üzvü  Şamil  Cəfərov isə yanvarın  19-da  evindən aparılıb. Ona 15 sutka  verildiyi bildirilir.

AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə deyir ki, onlar siyasi fəaliyyətlərinə görə həbs olunublar:

“Bütün ölkə boyu AXCP-yə qarşı bir kampaniya, repressiya işi gedir. Ayrı-ayrı rayonlarda da bu iş həyata keçirilir və tamamilə siyasidir. Bu adamlar cinayətkar deyillər, sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid ediblər və buna görə də həbs olunublar. Saxlanılanlara qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil, dəqiqləşdirməyə çalışırıq”.

Məsələni rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Müxalifətdə olan AXCP-nin hazırda 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

2025-ci il dekabrın 12-də AXCP üzvü Elbəyi Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində vəfat etdiyi açıqlanıb. Partiyadan onun şərləndiyinə görə özünə qəsd etdiyi iddia olunsa da, rəsmi qurumlar ölümün səbəbinin araşdırıldığını bildiriblər. O da narkotik ittihamı ilə 5 il həbs cəzası almışdı. AXCP-dən vurğulanmışdı ki, Elbəyi Kərimli 2023-cü ilin avqustunda keçmiş Prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra narkotik ittihamı ilə şərlənib.

Ana səhifəSiyasətAXCP iki üzvünün sosial mediada yazdıqlarına görə həbs edildiyini bildirir