AXCP: Hakimiyyət Şimali Koreya yolunu tutub

Partiya üzvlərinin ardı-arda həbs edilməsi ilə bağlı bəyanat yayıb

Source:


Partiya üzvlərinin ardı-arda həbs edilməsi ilə bağlı bəyanat yayıb

“Açıq-aşkar hiss olunur ki, hakimiyyət AXCP-ni və onun sədrini Fətullah Gülənlə əlaqələrdə şərləmək istəyir”- AXCP son günlər həbs olunan üzvləri ilə bağlı yaydığı bəyanatda bunları deyir.

Partiya bildirir ki, onların Fətullah Gülənlə heç bir bağlılığı yoxdur.” Hətta bunu əsaslandırmaq üçün Əli Kərimlinin adından Fətullah Gülənə saxta və səviyyəsiz, heç Xalq Cəbhəsi Partiyasının adının belə düzgün yazılmadığı bir məktub da uydurub sosial şəbəkədə yayıblar” deyə bəyanatda bildirilir.

19 avqustda DTX və Baş Prokurorluğun birgə açıqlamasında partiyanın Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri olan Fuad Əhmədlini Fətullah Gülən şəbəkəsi ilə əlaqədə ittiham edib. AXCP bəyan edir ki, Fuad Əhmədliyə qarşı irəli sürülən ittihamlar yalan və quramadır.

“Fuad Əhmədlinin Gülən tərəfdarları ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. O, İqtisad Universitetini bitirib, müasir və liberal düşüncəli siyasi fəaldır, ictimai-siyasi baxımdan AXCP-də formalaşıb. AXCP sədri Əli Kərimliyə qarşı əvvəldə bəhs olunan saxta məktub təxribatı da göstərir ki, partiya üzvlərini və onun sədrini Fətullah Gülənə bağlamaq üçün hakimiyyət ən çirkin saxtakarlıqlara belə hazırdır”.

Partiya hesab edir ki, üzvlərinin həbsi referendumla bağlı sərgilədikləri mövqeyə görədir. “Milli Şuranın və AXCP-nin ölkədə monarxiyanı qanuniləşdirmək üçün keçiriləcək referenduma və getdikcə ağırlaşan sosial-iqtisadi böhrana qarşı yaxın günlərdə mitinqlərə başlamaq qərarı da hakimiyyəti qorxuya salaraq növbəti repressiya dalğası başlatmağa sövq edib. Təsadüfi deyil ki, artıq bir neçə gündür AXCP üzvləri müxtəlif uydurma bəhanələrlə saxlanılır və inzibati həbslərə məhkum edilir.

Fuad Əhmədlinin həbsi ilə eyni gündə AXCP Suraxanı şöbəsinin gənc fəalı Qədim Bəkirovu polislər saxlayıb və sonra 25 gün inzibati həbs cəzasına məhkum edilib. Ondan bir neçə gün qabaq, avqustun 12-də də AXCP Xətai təşkilatının fəalı Məsud Rzalı şərlənərək 30 gün inzibati həbs cəzası alıb. Avqustun 19-da isə AXCP Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyevi polislər küçədə saxlayaraq zorakılıqla polis idarəsinə aparıblar. Onunla birlikdə olan şöbə sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb”.

Bəyanatda qeyd olunur ki, AXCP-yə qarşı repressiyalar davam etdiriləcək və hakimiyyət Şimali Koreya yolunu tutub.

“AXCP bəyan edir ki, bütün çətinliklərə rəğmən tutduğu haqq yolundan və prinsipial mövqeyindən geri çəkilməyəcək, mübarizəsini əvvəlki əzmkarlıqla davam etdirəcək”.

Partiya həmçinin yerli və beynəlxalq ictimaiyyətdən Azərbaycanda başladılan yeni repressiya dalğasına biganə qalmamağı, etiraz səsini ucaltmağı istəyib.

Ana səhifəXəbərlərAXCP: Hakimiyyət Şimali Koreya yolunu tutub