Orxan Baxışlı qanunsuz şəxsi axtarışa məruz qalması ilə bağlı şikayət verib
Bakı Apelyasiya Məhkəməsi avqustun 20-də Yasamal rayon Məhkəməsinin AXCP Gənclər Komitəsi Ali Məclisinin üzvü Orxan Baxışlının şəxsi axtarışa və götürməyə məruz qalmasının qanunsuzluğu ilə bağlı şikayətə baxıb.
Məhkəmə şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsinin baxması haqda qərar verib.
Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib ki, məhkəmə Orxan Baxışlının şəxsi axtarışa və qanunsuz götürməyə məruz qalması ilə bağlı Məhkəmə şikayəti qismən təmin edib.
Rayon məhkəməsi şikayətin əsassız olması səbəbindən rədd etmişdi. Bakı Apelyasiya məhkəməsi isə qərarın əsaslandırmasını dəyişib. Məhkəmə hesab edib ki, bu şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsi baxıb, qərar verməlidir.
Orxan Baxışlı
2018-ci il mayın 6-da həbs edilib. CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma və ya satma) maddəsilə ittiham olunan gənc fəalın cibindən 6 qram heroin tapıldığı iddia olunur.
O.Baxışlı ittihamı rədd edir.
Onun yaxınları və üzvü olduğu AXCP O.Baxışlı həbsindən üç gün öncə əvvəl jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxış səbəbindən, sonradan narkotiklə şərləndiyini bəyan edib.
Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.