AXCP fəalının ittihamı ağırlaşdırılıb

“Zeynalabdin bəy tutulandan onunla nə mən, nə də ailə üzvləri görüşə bilir”

Source:


“Zeynalabdin bəy tutulandan onunla nə mən, nə də ailə üzvləri görüşə bilir”

Hazırda həbsdə olan AXCP Naxçıvan təşkilatının fəalı Zeynalabdin Bağırzadənin ittiham olunduğu maddə ağırlaşdırılıb. Bunu Azadlıq Radiosuna onun qardaşı, AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy deyib:

«Zeynalabdin bəy əvvəlcə Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə ittiham edilirdi. İndi isə ona qarşı 315.2 maddəsi irəli sürülüb».

Birinci halda xidməti vəzifəsini yerinə yetirərkən, hakimiyyət nümayəndəsinə zor işlətmədə (amma sağlamlığına təhlükə törətmədən), 2-ci halda isə zor işlədərkən sağlamlığa da qorxu yaratmaqda suçlanıb.

Birinci halda müttəhimə üç il, ikinci halda üç ildən yeddi ilədək həbs cəzası verilə bilər.

Zeynalabdin Bağırzadə ötən il noyabrın 16-da həbs edilib. O, Babək rayon sosial təminat işçilərinə zor tətbiq etmədə ittiham olunur. Halbuki, onun yaxınlarının deməsinə görə, məhz Zeynalabdin Bağırzadə sosial müdafiə işçilərinin fiziki zorakılığına məruz qalıb.

Yaşar Bağırsoy deyib ki, Babək rayon Sosial Müdafiə Mərkəzinin işçiləri qardaşının evinə gələrək, sığorta puluna görə onun ailəsini təhqir ediblər. Sonradan Zeynalabdin Bağırzadə bunun səbəbini həmin adamlardan soruşanda döyülüb, təhqir olunub. Gedib şikayət etsə də, sonradan bu iş ona qarşı çevrilib.

Hazırsa işlə bağlı məhkəmə prosesi başlayıb. Yanvarın 8-də hazırlıq iclası keçirilib. Lakin Yaşar Babasoy deyir ki, bu barədə ailəsinin xəbəri olmayıb:

“Yanvarın 18-də isə ilk iclas oldu. Biz orda iştirak etdik. İstintaq müddətində dövlət ona bir vəkil verib. Bu vəkil məhkəməyə çıxmadı. Deyir ki, müqaviləm bitib. Biz ona təzyiqlər olmasından şübhələnirik. İndi dövlət Zeynalabdin bəyə yeni vəkil verib. Hələ ki, vəkildən narazı olmağa bir elə əsas yoxdur. Məhkəməyə gələn Babək rayon Sosial Müdafiə Mərkəzi işçilərinin hamısının ifadəsi, elə bil, bir qələmdən çıxmışdı. Bunu vəkil də qeyd etdi”.


Yaşar Babasoy qardaşına işgəncə verildiyi qənaətindədir: ”

Mən məhkəmə prosesində Zeynalabdin bəyi gördüm. Əvvəlki fikirlərimdə qalıram. Ancaq Naxçıvan mühitində bunu qaldırmaq bir effekt verməyəcək. Baxın, Zeynalabdin bəy tutulandan onunla nə mən, nə də ailə üzvləri görüşə bilir. Ailəsi bununla bağlı həm Penitensiar Xidmətə, həm də məhkəməyə müraciət edib. Heç bir nəticəsi yoxdur. Bir görüş ala bilmiriksə, işgəncəni necə sübut edəcəyik?”

Növbəti məhkəmə prosesi ynvarın 27-dədir. Naxçıvanda həbs edilən digər AXCP fəalı Nazim Mahmudovun da məhkəməsi başlayıb. O da eyni maddə ilə ittiham edilir. Ancaq onun ailə üzviləri Nazim bəylə görüş ala biliblər…

Ana səhifəXəbərlərAXCP fəalının ittihamı ağırlaşdırılıb