Aqil Hümbətovun saxlanıldığı bildirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov hansısa cinayət əməli çərçivəsində saxlanılıb.
Bu barədə “Turan”a onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.
O deyib ki, avqustun 11-də Aqil Hümbətov axşam saatlarında saxlanılıb: “Evə gəlib şam yeməyini yedi, getdi və geri qayıtmadı“.
Gecə Xəzər Rayon Polis İdarəsindən həyat yoldaşına zəng edib bildiriblər ki, fəal “cinayət törətməkdə şübhəli bilinərək” saxlanılıb: “Lakin Aqili nədə şübhəli bildiklərini demədilər”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Hümbətovun saxlanılmasını təsdiq ediblər: “O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanılıb. Hazırda istintaq aparılır”.
Aqil Hümbətov əvvəllər də təqibə məruz qalıb.
2019-cu ilin mart ayında o siyasi səbəblərdən işdən azad edilməsinə görə rəhbərliyə videomüraciətlə şikayətindən sonra 15 sutkalığa həbs edilmişdi.
2020-ci ilin mart ayında analojı videomüraciətdən sonra Hümbətovu Ruhi Əsəb Dispanserinə məcburi müəlicəyə göndəriblər və o üç ay sonra oradan çıxıb.