“Polislərin gəlişlərinin səbəbi siyasi mövqeyimə görə narahat olmaları və əsasən də Emin Milli barəsində dünən axşam yazdığım statusla bağlı idi”
AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Nuranə Süleymanzadə iyulun 30-da Suraxanı rayon Polis İdarəsinə çağırılıb və ona facebook-da tənqidi statusuna görə şifahi xəbərdarlıq edilib.
“Məni Suraxanı rayon Polis İdarəsinin müavini qəbul etdi və Qənimət Zahid, Emin Milli və Natiq Adilovla bağlı yazdığım tənqidi statusa görə şifahi xəbərdarlıq etdi. O, bir daha belə statuslar yazmamağı tövsiyə etdi və sonra polis idarəsindən azad buraxıldım”, deyə Nuranə Süleymanzadə Turan-a bildirib.
İyulun 29-da axşam saat 21 radələrində Suraxanı rayon Polis İdarəsinin əməkdaşları AXCP fəalının yaşadığı evə gəlib.
“Gəlişlərinin səbəbi siyasi mövqeyimə görə narahat olmaları və əsasən də Emin Milli barəsində dünən axşam yazdığım statusla bağlı idi. Atama çox şey deməyiblər, sadəcə yazdığım statusa görə məni axtardıqlarını bildiriblər”, deyə Süleymanzadə Facebook statusunda yazıb.
Onun Facebokda jurnalistlərin qohumlarının həbsi ilə bağlı statusu belədir:
“Siz, qanunsuzluğun sərhədsizliyinə baxın bir: Emin Millinin jurnalist fəliyyətinə görə qaynı Nazim Ağəbəyovu narkotik ittihamı ilə şərləyərək həbs ediblər. Nazim Ağabəyov tanınmış ziyalı, respublikanın Xalq Rəssamı, boyakarlıq və kino rəssamlığı sahəsində ən tanınmış sənətkarladan biri sayılan Mais Ağabəyovun oğludur. Mais Ağabəyov tamaşaçılara yaxşı tanış olan “Babək”, “Nəsimi”, “Ötən ilin son gecəsi”, “Yeddi oğul istərəm”, “Özgə vaxt”, “Qətl günü”, “Əlvida, cənub şəhəri”, “Ölüm növbəsi” və digər məşhur filmlərin rəssamıdır. Bundan əlavə, Azərbaycan Saatı verlişinin aparısıcı Qənimət Zahidovun jurnalistika fəaliyyətinə görə qardaşı oğlunu və Natiq Ədilovun da jurnalistika fəaliyyətinə görə qardaşı Murad Ədilovu şərləyərək həbs ediblər.
Ölkə prezidenti İlham Əliyev də hər çıxışında ölkəmizdə mətbuat, söz, ifadə azadlığının olduğunu dönə-dönə vurğulayır. 37-ci illərin ağır siyasi dövrünü görməyənlər üçün indi o, 2015-ci ildə də 37-ni davam etdirir. Artıq insanlar doğulduğu andan etibarən onlara məxsus olan ən təbii ifadə, söz, mətbuat azadlığından istifadə etdikləri üçün ailələri ilə təhdid edilir və mənəvi işgəncələrə məruz qalır.
Mən əminəm ki, bu, bizə gün kimi aydın olduğu qədər onlara da aydındır ki,
#qələtedir37
deyərək, 21-ci əsrdə onun öz metodları ilə
#davamedir37
deməsinə baxmayaraq, nə Emin Milli, nə Qənimət Zahidov, nə də ki, Natiq Ədilov qanunsuzluqlara boyun əyməyəcəklər. Elə buna əmin olduqları üçün də 37-ci ili daha dəhşətli şəkildə yaşatmağa çalışırlar”.