Polis serjantının iddiası əsasında AXCP üzvü təqsirləndirilən şəxs oldu
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova “Facebook” hesabındakı paylaşımına görə təqsirləndirilən şəxs qismində tanınıb. Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva bu barədə qərar çıxarıb. Bu qərar Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında verilib. O, şikayətində AXCP üzvünün Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.
Polis serjantı AXCP fəalını avqustun 11-də “Facebook” hesabında paylaşdığı statusa görə məhkəməyə verib. Həmin statusda o, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Seymur İmanovun çəkilmiş fotosunu paylaşıb. Həmçinin bunları yazıb:
“Quru sərhədləri açın!” tələbilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedəndə metronun “İçərişəhər” stansiyasının qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılıb 41-ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə idi. Əzizi gözlərimin önündə polislər döymüşdülər, bu barədə həmin vaxt yazmışdım. Bu gün isə həmin polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki, hər kəs görsün və tanısın…”.
Avqustun 24-də məhkəmənin hazırlıq iclasında polis serjantı Gülnarə Rəhimovanın cinayət məsuliyyətinə cəlb olunması üçün verdiyi iddianı müdafiə edib.
AXCP üzvü isə əksinə, iddianın əsassız olduğunu vurğulayaraq, onun icraata götürülməsinə etirazını bildirib. Gülnarə Rəhimova deyib ki, o, kimisə təhqir etməyib, böhtan atmayıb:
“Mən bu şəxsi başqa bir videoda görüb tanıdım ki, Əziz Məmiyevə zorakılıq edənlərdən biri bu idi. Fotonu da həmin videodan götürüb paylaşmışam. Yazdığımda böhtan və ya təhqir olmayıb”.
Hakim Gülnarə Rəhimovaya fikrini başa çatdırmağa imkan verməyib: “Hələlik bu işə mahiyyəti üzrə baxmırıq…”
Təxminən yarım saatlıq müşavirədən sonra geri qayıdan hakim şikayətin icraata götürülməsi haqda qərarı elan edib. Gülnarə Rəhimovaya göndərilən şikayətin surətində polis onun 147 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyi halda, hakim hazırlıq iclasının qərarında ittihamı ağırlaşdırıb. Hakim Sülhanə Hacıyeva hazırlıq iclasının qərarında ittiham maddəsini 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) göstərib. Bu maddədə 2 ilədək islah işləri, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və yaxud da eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məhkəmədə Gülnarə Rəhimovanın vəkili Vəfa Abdullayeva bu cür iddianın icraata götürülməsinə etiraz edib. Vəkil bildirib ki, iddia qanunun tələbinə uyğun tərtib olunmayıb, tarix və imza yoxdur:
“Bu şəkildə iddia icraata götürülə bilməz. Bu, boş kağızdır”.
Lakin hakim deyib ki, imza və tarix sonradan əlavə oluna bilər. Vəkil isə bunun qanun pozuntusu olduğunu hakimin nəzərinə çatdırıb.
Arqumentlərə baxmayaraq, hakim iddianın icraata götürülməsi, Gülnarə Rəhimovanın təqsirləndirilən şəxs qismində tanınması haqda qərarından dönməyib. Bu iş üzrə məhkəmə baxışı avqustun 30-na təyin edilib.
Gülnarə Rəhimova hesab edir ki, bu iddia ərizəsi onun siyasi baxışlarına, etiraz aksiyalarında iştirakına görə təzyiq vasitəsidir:
“Bu yolla məni cəzalandırmaq istəyirlər”.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun təşkil etdiyi “Quru sərhədləri açın!” şüarıyla etiraz aksiyası iyulun 19-da Nazirlər Kabinetinin qarşısında keçirilib. Həmin gün aksiyaya gələnlərdən Müsavat Partiyasının üzvü Əziz Məmiyev saxlanılıb, ona 30 sutka həbs cəzası verilib. Əziz Məmiyev yaxınlarına saxlanılarkən və daha sonra polis bölməsində döyüldüyünü bildirib.
Həmin vaxt Gülnarə Rəhimova və daha bir neçə fəal Əziz Məmiyevlə birlikdə saxlanılaraq, eyni avtomobildə polis bölməsinə aparılıb.