AXCP fəalına 30 sutka həbs cəzası verildi

“Məsud Rzalı polisə müqavimət göstərməkdə təqsirləndirilib”

Source:


“Məsud Rzalı polisə müqavimət göstərməkdə təqsirləndirilib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP)Gənclər Komitəsinin Xətai şöbəsinin fəalı Məsud Rzalı 30 gün inzibati həbs cəzası alıb.  Azadlıq Radiosu yazıb ki, M. Rzalını polislər metronun “Qara Qarayev” stansiyası yaxınlığında saxlayıblar.

“Polis əməkdaşları ona nəyə görə saxlandığı haqda bilgi verməyiblər. Bölmədə də ona saxlanmasının səbəbi deyilməyib. Yalnız məhkəmədə polisə müqavimət göstərdiyi bildirilib. Nəticədə o, polisə müqavimətə görə inzibati həbs cəzası alıb”, – deyə partiyadan bildiriblər.

Həbslə bağlı Xətai Rayon Məhkəməsindən, eləcə də Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Hazırda AXCP-nin azı 10 üzvünün həbsdə olduğu bildirilir. Partiya onları siyasi məhbus hesab edir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olmadığını bildirirlər.

Avqustun 11-də AXCP-nin Mingəçevir təşkilatının fəalı Qədir Xudabaxşiyev həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Partiya üstündə silah tapılması iddiası ilə 1 il 6 ay həbs cəzası alan Qədir Xudabaxşiyevin siyasi motivlərlə şərləndiyini bildirirdi.

Avqustun 9-da isə 20 günlük inzibati həbsini başa vuran AXCP-nin Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Ruslan Qarayev azadlığa buraxılıb.

R.Qarayev polisə müqavimətdə günahlandırılaraq saxlanmışdı.

Ana səhifəXəbərlərAXCP fəalına 30 sutka həbs cəzası verildi