AXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu

Foto: Meydan Tv

Partiya isə onun həbsinin siyasi fəaliyyətiylə bağlı olduğunu bəyan edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının üzvü Zaur Əhmədov həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Zaur Əhmədov mayın 26-da yaşadığı Salyan rayonunda səhər saatlarında saxlanılıb:

Zaur Əhmədov iki nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb, maşına mindirilib və aparılıb. Ehtimal olunub ki, onu aparanlar polislərdir. Yaxınları araşdırıblar və məlum olub ki, onu əvvəlcə polis şöbəsinə, oradan da məhkəməyə aparıb, 30 sutkalıq həbs qərarı alıblar. Lakin yaxınları ona hansı maddə ilə 30 sutka həbs cəzası verildiyini öyrənə bilməyib”.

AXCP-dən verilən məlumata görə, Zaur Əhmədov həbs olunandan ailə üzvlərilə əlaqə saxlaya, görüşə bilməyib. Hətta yaxınları Salyan rayon Polis Şöbəsinə onun üçün qida məhsulları aparsa da, qəbul etməyiblər.

Aydın məsələdir ki, Zaur Əhmədovun həbsi siyasi fəaliyyətilə bağlıdır. Adamı getdiyi yerdə saxlayıb, sonra da məhkəmədən 30 sutkalıq həbs qərarı almağın başqa adı nə ola bilər?”, – AXCP-dən mətbuat xidmətindən belə deyilib.

Daxili İşlər Nazirliyi Şirvan regional qrupu da Zaur Əhmədovun həbs xəbərini təsdiqləyib. DİN-in məlumatında bildirilir ki, Zaur Əhmədov ictimai qaydanı pozduğuna və polisin qanuni tələbinə tabe olmadığına görə barəsində inzibati xəta protokolu tərtib olunub və məhkəmə qarşısına çıxarılıb. Məhkəmə isə onun haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarıb.

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev də 2023-cu il fevralın 7-dən həbsdədir. Bugünlərdə 4 il azadlıqdan məhrum edilən Zamin Salayevin 112 gündür ki, həbsdə aclıq etdiyi bildirilir. Xuliqanlıqda ittiham olunan Zamin Salayev özünü təqsirli bilmir və sifarişlə həbs olunduğunu deyir.

Ana səhifəSiyasətAXCP fəalı polisə müqavimət ittihamıyla həbs olundu