AXCP fəalı həbsdən niyə buraxılmadı?

“Səmimi deyil, təkəbbürlüdü, tərsdi…”

Source:


“Səmimi deyil, təkəbbürlüdü, tərsdi…”

14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi orada saxlanılan AXCP fəalı Orxan Baxışlı haqqında mənfi rəy verərək, onun “islah yoluna qədəm qoymadığını” iddia edib.

“Səmimi deyil, tərs və təkəbbürlüdür. Ekspertiza xərcini ödəməyib. Mədəni, kütləvi tədbirlərdə iştirak etmir. Fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır. Cinayəti etiraf etmir. Dəstə-Kollektiv Şurasının iclaslarında iştirak etmir. İslah yoluna qədəm qoymayıb…” – bu fikirlər də müəssisə rəhbərliyinin yazdığı rəydəndir.

Bakı Apelyasiya Məhkəməsində O.Baxışlının şikayətinə baxılarkən bu rəy haqqında danışılıb. O.Baxışlı Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti vermişdi. Cəbhəçi gənc məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməyib. Məhkəmə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun haqqındakı mənfi rəyini əsas gətirərək, ərizəni təmin etməyib.

O.Baxışlının həmin qərardan verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılıb.

Məhkəmədə O.Baxışlının vəkili Zibeydə Sadıqova çıxış edib. O bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin yazdığı rəy əsassızdır. Vəkilin sözlərinə görə, müəssisə rəhbərliyinin Orxanın səmimi olmaması, təkəbbürlü, tərs olması barədə rəydə yazdıqları anlaşılmazdır: “Ümumiyyətlə, bu nə ifadələrdir rəyə yazılıb? Kim, necə müəyyənləşdirib Orxan Baxışlının səmimi olmadığını, təkəbbürlü, tərs olmasını? İnsandakı bu cür xüsusiyyətlər psixoloq rəyi, yaxud psixoloji müayinə nəticəsində məlum ola bilər. Ortada belə bir rəy yoxdur”.

Vəkilin sözlərinə görə, şəxsin ona qarşı irəli sürülmüş ittihamı qəbul etməməsi, özünü təqsirli bilməməsi onun hüququdur. Onun bu cür yanaşmasını özünə qarşı istifadə etmək isə şəxsə Avropa Konvensiyasının 6-cı maddəsilə təminat verilən ədalətli mühakimə hüququnun pozulmasıdır: “Orxan Baxışlı özünü təqsirli bilmir, narkotik ittihamını qəbul etmirsə, bunu onun əleyhinə istifadə etmək olmaz. Amma müəssisə rəhbərliyi ona qarşı istifadə edib”.

Z.Sadıqova onu da bildirib ki, Ədliyyə nazirinin əmri var, şəxsin cəza rejiminin dəyişdirilməsi, vaxtından əvvəl şərti azadlığa buraxılması kimi işlərdə ictimai komissiyanın rəyi alınır. Ona görə də vəsatət qaldırıb ki, O.Baxışlının işi ilə əlaqədar ictimai komissiyadan rəy alınsın. Lakin hakimlər vəsatəti təmin etməyib.

Məhkəmə apelyasiya şikayətini də təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

O.Baxışlı 2018-ci ilin mayından həbsdədir. O, Cinayət Məcəlləsinin 234-cü (narkotik əldə etmə, saxlama) maddəsilə 3 il azadlıqdan məhrum edilib.

O.Baxışlı özünü təqsirli bilmir və narkotikin onun cibinə Yasamal rayon Polis İdarəsində atıldığını bildirir. Özü də, üzvü olduğu AXCP də onun siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Səbəb kimi isə Orxanın həbsindən 3 gün öncə – Söz Azadlığının Beynəlxalq Müdafiəsi günündə (3 may) mərhum jurnalist Elmar Hüseynovun məzarı qarşısındakı çıxışı göstərilir. Həmin çıxışında O.Baxışlı E.Hüseynovun öldürülməsi, 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qatillərin tapılmamasına görə Azərbaycan hökumətinin məsuliyyət daşıdığını bildirmişdi.

Ana səhifəXəbərlərAXCP fəalı həbsdən niyə buraxılmadı?