Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Elxan Əliyevlə yanaşı, daha iki nəfər saxlanılıb. Onlar Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57 min manata satmaqda şübhəli bilinir.
Elxan Əliyev həbsindən əvvəl partiya funksionerlərindən birinə video göndərib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev iyulun 26-da Sabunçu Rayon Polis İdarəsində saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlandığı bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, cinayət işində söhbət əmlak alqı-satqısı prosesində dələduzluqdan gedir.
AXCP-dən Meydan TV-yə bildirilib ki, hələ bir neçə gün öncə Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirmişdi. Bu barədə partiya funksionerlərindən birinə video da göndərmişdi. Həmin videoda Elxan Əliyev deyir:
“Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir”.
Cinayət Məcəlləsinin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.