“Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Zamin Salayevin şikayətini dinləyib"
Saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsində avqustun 3-dən aclıq etdiyini, son iki gündə, hətta su belə içmədiyini deyən AXCP fəalı Zamin Salayev aksiyanı dayandırıb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib:
“Partiya yoldaşları, dostları Zamin Salayevə müraciət edərək, təkidlə aclığı dayandırmasını xahiş etmişdi. Çünki ürəyində ciddi problemlər olan bir adam üçün belə isti havalarda quru aclıq keçirmək ölüm deməkdir. Avqustun 6-da Xəzər Rayon Məhkəməsində Zamin Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılması haqda ərizəsinə baxılandan sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi Zamin Salayevi qəbul edib, onun şikayətlərini dinləyib. O da tək özü yox, başqa məhkumlara qarşı qeyri-insani rəftar, rüşvət halları və başqa problemləri danışıb”.
AXCP üzvünün aclığı dayandırdığını oğlu Oqtay Salayev də təsdiqləyib. Onun sözlərinə görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Zamin Salayevin özünün səhhətindəki problemlərlə əlaqədar da lazımi addımlar atılacağına söz verib: “Atamı ya müəssisədəki sanitar hissəyə, ya da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürəcəklər”.
Oqtay Salayevin sözlərinə görə, AXCP fəalının ürəyi ilə yanaşı, qaraciyərində də problem var: “Qaraciyəri şişib. İsti havalar, aclıq onun səhhətini daha da pisləşdirib”.
Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.
Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.
İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.
Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.