Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nərimanov Rayon Şöbəsinin sədr müavini Gülnarə Rəhimova 4 gündür oğlundan xəbər ala bilmədiyini deyir. Oğlu Abdullah Əliyev Zəngilan rayonu Mincivan kəndi N saylı hərbi hissədə xidmət edir.
Bu barədə Meydan TV-yə Rəhimovanın özü məlumat verib.
O deyir ki, hər həftə sonu oğlu ilə danışıq günü idi. Amma ötən bazar günü, noyabrın 30-u axşama kimi oğlundan zəng gəlmədi.
“Komandirə zəng etdik ki, uşaq bizlə niyə əlaqə saxlamayıb. Dedi ki, başımız qarışıqdı, bir azdan sizə zəng edəcək. Səhərə kimi gözlədim, yığmadı. Bazar ertəsi də bütün gün zəng gəlmədi. Bundan sonra komandir də zənglərə cavab vermədi. Artıq başa düşdüm ki, başqa bir məsələdir”, – deyə Rəhimova bildirib.
Gülnarə Rəhimova deyir ki, aldığı məlumata görə dekabrın 1-də oğlu təcili olaraq çağırılıb.
“Mənə dedilər ki, saat 15:00-da həyəcan təbili çaldılar, Abdullahı çağırdılar. Amma hara aparılıb, hələ də məlum deyil. Komandir telefonu söndürüb və mən artıq əminəm ki, mənimlə danışmaq istəmir”, – deyə o bildirir.
Rəhimova deyir ki, bütün bunlar noyabrın 29-u özünün “Facebook” səhifəsində AXCP sədrinin könüllü sürücüsü Ruslan Əmirovu saxlamağa gələn DTX əməkdaşlarını çəkdiyi videonu paylaşandan sonra baş verib.
“Bu gün evimə günorta saatlarında mülki geyimdə maskalılar hücum elədi. Saatlarla qapını açmadım. Sonradan evimin işıq xəttini kəsdilər. Qapımı qırmağa çalışırdılar.Evimdə azyaşlı övladım var idi və qorxu içində idi. Evə hücum elədilər, evimi alt-üst etdilər. Övladlarıma və mənə məxsus telefonları elektron nə varsa hamısını götürüb apardılar.Ruslanı aparandan bir az sonra yenidən evimə hücum edib, qapını açmağımı tələb edirdilər və mənim də onlarla gedəcəyimi bildirirdilər <…> Mən onlardan haradan gəldiklərini soruşanda DTX-dən gəldiklərini bildirdilər”, – Gülnarə Rəhimova həmin gün “Facebook”da paylaşdığı postda bunları yazıb.
Rəhimova Meydan TV-yə bildirir ki, DTX-dan gələnlər ondan videogörüntünü silməyi tələb ediblər:
“Mən də onlara dedim ki, silməyin bir mənası yoxdu, o görüntülər artıq lazım olan yerlərə gedib”.
Ruslan Əmirov AXCP sədri Əli Kərimli və partiyanın bir neçə digər funksioneri ilə eyni gündə noyabrın 29-da saxlanılıb. DTX-da dindiriləndən sonra elə həmin gün də sərbəst buraxılıb.