Hazırda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) həbs cəzası çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimli cərimə kamerasına salınıb.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə belə deyib.
“Elbəyi Ədliyyə Nazirliyi və Penitensiar Xidmətdən gələn nümayəndələrin qarşısında İlham Əliyevi, hökuməti tənqid edib. Həmçinin şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə onu döyüblər və cərimə kamerasına salıblar. Bizdə olan məlumata görə, hadisə iyulun 12-də baş verib. Elbəyin nə qədər cəza kamerasında saxlanılacağına dair məlumatımız yoxdur”, – İlham Hüseyn bildirib.
Ədliyyə Nazirliyi və Penitensiar Xidmət deyilənlərə münasibət bildirməyib.
Elbəyi Kərimli 2023-cü ildə narkotik ittihamı ilə həbs olunub. Amma yaxınları onun həbs olunmasına səbəb kimi keçmiş Prezident Heydər Əliyevin heykəlinə “Stalin” sözlərini yazmasını göstərir.
2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Hazırda AXCP-nin 20 üzvü həbsdədir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 375 siyasi məhbus var.
Rəsmilər isə bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.