Əli Kərimli hazırda Dövlət Təhlükəsizliyi Xidmətinə aparılır.
Bu barədə Meydan TV-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi məlumat verib.
O, bildirib ki, partiya sədrini vəkilləri Aqil Layıc və Fəxrəddin Mehdiyev müşayiət edirlər.
Hadisənin təfərrüatlarını danışan Seymur Həzi bildirib ki, DTX əməkdaşları Əli Kərimlinin evinə qonşu qadının adı ilə qapını döyərək, daxil ola biliblər:
“Qapı açılanda, onlar evə giriblər. İçəri girənlərdən biri otaqdakı şkaflardan birinin bölməsinə Ramiz Mehdiyevin ictimaiyyətə məlum olan məktubunu atıb. Sonra da guya axtarış nəticəsində oradan çıxarıblar. Əlbəttə ki, bu, şər ssenarisidir. AXCP bunu qətiyyətlə qəbul etmir”.
Bu gün baş verənlər
Bu gün Əli Kərimli və bir neçə AXCP üzvünün mənzillərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində partiya lideri və funksionerləri saxlanılıblar.
Hökumət mediasında Əli Kərimlinin evində axtarışın Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.
AXCP rəsmi olaraq bəyanat yayaraq ittihamları təkzib edib, Əli Kərimlinin saxlanılması siyasi motivli adlandırılıb. Bəyanatda qeyd olunur ki, həbslər ölkədə siyasi fəaliyyət və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədilə aparılır.
Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb.